“Qərbi azərbaycanlıların qayıdışının təminatına Ermənistan məsuliyyət daşıyır”

img

Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələr Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalar yayıb. Bununla əlaqədar Qərbi Azərbaycan İcmasının bəyanat qəbul edib.


Bəyanatda qeyd olunur ki, 

"Görünən odur ki, Ermənistan hökuməti üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq". Ümumiyyətlə, nəinki Ermənistan, bir sıra hallarda hətta beynəlxalq ictimaiyyət də azərbaycanlıların və ermənilərin qayıdış hüququna ədalətli yanaşmırlar. Belə ki, ermənilərin Qarabağa qayıdış məsələsi qabardıldığı halda, azərbaycanlıların perspektivdə Qərbi Azərbaycana - tarixi torpaqlara qayıtması barədə bir kəlmə də deyilmir. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tamamilə beynəlxalq hüquqa uyğun olmaqla həm də tarixi ədalətin bərpasıdır. Üstəlik, Qərbi Azərbaycan, o cümlədən Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan yerləşdiriliblər. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb. Qərbi Azərbaycan İcması tarixi faktlara, beynəlxalq konvensiya və beynəlxalq hüququn prinsiplərinə əsaslan Sülhsevər Qayıdış Konsepsiyasını hazırlayaraq qəbul etmişdir. Etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcması ətrafında birləşiblər. İcmanın hazırladığı Qayıdış Konsepsiyasına əsasən, bügünkü Ermənistan ərazisindən zorla deportasiya olunan azərbaycanlıların öz yurd-yuvalarına qayıtması üçün lazımi işlər görülür. Ermənistan müstəqilliyi haqqında 21 sentyabr 1991-ci il tarixli bəyannaməyə əsasən, Ermənistan Respublikası özünü Ermənistan SSR-nin siyasi və hüquqi varisi elan etmişdir. Bununla da sələfinin bütün beynəlxalq və ölkədaxili bütün öhdəliklərini öz üzərinə götürmüşdür. Bu isə o deməkdir ki, Ermənistan SSR zamanında öz vətəndaşları olan qərbi azərbaycanlılara qarşı törədilmiş bütün cinayətlərə görə, eyni zamanda, onların geri qayıdış hüquqlarının təmin olunmasında indiki Ermənistan Respublikası birbaşa həm siyasi, həm də hüquqi məsuliyyət daşıyır. Qeyd edilən hüquqi əsaslara əsasən, hesab edirəm ki, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların Ermənistan Respublikasının vətəndaşlıq hüquqları bərpa olunmalıdır. Ermənistan heç də nararhat olmasın. Bu işdə Qərbi Azərbaycan İcması ona yaxından “köməklik” gösətrəcəkdir. İcma həm tarixi həqiqətlərin, həm tarixi abidələrimizin, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlərin, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktları özündə əks etdirən rəqəmsal platformalar hazırlanır və həyata keçirlir. 2023 ilin martında Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. İndiki Ermənistan ərazisindən qovulmuş Azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir. Onu da qeyd edim ki, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl, yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı. O cümlədən, Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat yayıb. “Qərbi Azərbaycan İcması” İctimai Birliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərə əsasən, XX əsrin əvvəlindən başlayaraq erməni əsilli şəxslərin rəhbərliyi ilə yaradılmış silahlı birləşmələr tərəfindən Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycan əsilli şəxslərə qarşı sülh və insanlıq əleyhinə, şəxsiyyət əleyhinə cinayətlərin törədilməsinə yönəlmiş aktiv hərəkətlərin icrasına başlanılıb...Qeyd olunan faktlarda beynəlxalq və ölkədaxili qanunvericilikdə nəzərdə tutulan cinayətlərin əlamətləri olduğuna görə həmin xüsusatlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırım), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə)maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. 

         Həmçinin Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub göndərib.  İcmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların imzaladığı müraciətdə aşağıdakılar bildirilir: “Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərindən narahat olaraq və Azərbaycan ictimaiyyətinin UNESCO-ya əvvəlki müraciətlərini təkrarlayaraq, Ermənistandakı azərbaycanlı mədəni irsinin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərməyinizi bir daha xahiş edirik.” Məlumdur ki, Ermənistan hökuməti orada qalan Azərbaycan mədəni irsinin böyük hissəsi kimi Aşıq Ələsgərin abidəsini də dağıdıb. İcma bəyanat verərərk Ermənistan hökumətindən oradakı Azərbaycan mədəni irsini dağıtmağı dərhal dayandırmağı tələb edib. İcma həmçinin, Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinı, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasını və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsini təmin etmək üçün UNESCO-ya və digər beynəlxalq təşkilatlara çağırış edib. Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlara olan bütün bəyənat, müraciət və çağırışlarının əsas qayəsi Ermənistandan qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri, hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına onlardan dəstək almaqdır. Digər bir məsələ, işğal dövründə Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və bunlara görə hüquqi məsuliyyət məsələləridir. Ermənistan və Azərbaycanın ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən Birinci Qarabağ müharibəsi dövründən son anti-terror tədbirlərinə qədər olan dövr ərzində xalqımıza qarşı beynəlxalq cinayət hüququna görə təcavüz, genosid (soyqırımı), insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və.s törədilmişdir. Bu əməlləri törətməklə Ermənistan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını pozub. Cenevrə Konvensiyaları ilə cinayət sayılan bütün cinayət əməlləri xalqımıza qarşı törədilib. Ermənistan asimmetrik müharibə aparıb, mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab verib. Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Bundan əlavə, mülki və hərbi obyektləri qadağan edilmiş silahlardan atəşə tutub. İstifadə edilən silahlar beynəlxalq səviyyədə qadağan edilmiş silahlardır. Həmin cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biridir. Azərbaycan və Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, cinayəti törədən həm Ermənistan dövlətidir, həm də bu ölkənin ayrı-ayrı rəsmi şəxsləridir. Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərini aşkar surətdə, qəsdən pozmaqla bəşəriyyət əleyhinə cinayət törədib və buna görə də hüquqi məsuliyyət daşıyır. Bu baxımdan Ermənistan bu kimi əməllərinə görə beynəlxalq cinayət məsuliyyəti daşıdığı halda xaricdən aldıqları “motivasiya” ilə revanşist şüarlar səsləndirməkdədir. Ermənistan hər şeydən əvvəl unutmağa çalışdığı bir dərs var. Bu dərsin adı DƏMİR YUMRUQdur! 



“Qərbi Azərbaycan İcması” Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov



Xəbəri paylaş: