Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda panel müzakirə aparıldı

img

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu “Qlobal akademik şəbəkənin qurulması: yerli universitet və elmi tədqiqat institutlarının inkişafı üçün yeni yanaşmalar”ın müzakirəsi ilə davam edib. Panel iclası Əməkdar elm xadimi, Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyevin moderatorluğu ilə keçirilib.

Rezonans.az xəbər verir ki, iclasda Azərbaycanda fəaliyyət göstərən universitet və elmi tədqiqat institutlarının beynəlxalq akademik mühitlə əlaqələndirilməsində xaricdə yaşayan alimlərin rolunun inkişafı, Çin diaspor alimlərinin fəaliyyətindən faydalanmanın təhsilimizə təsiri, Azərbaycan üçün bu modelin qurulması ilə bağlı  xaricdə yaşayan alimlərin fikirləri müzakirə olunub. 

İlk olaraq Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək Azərbaycanda fəaliyyət göstərən ali məktəblərlə xaricdə yaşayan alimlərin qarşılıqlı əməkdaşlıq məsələsinə toxunub. Azərbaycanda uğurlu gənclərin yetişdirilməsinə çalışdıqlarını qeyd edib. “Beyin axını” layihəsindən danışıb. Universitetdə aparılan islahatlar haqqında ətraflı məlumat verən rektor xaricdə yaşayan alimlərlə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu dilə gətirib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Azərbaycan universitetlərinin qərb standartlarına uyğunlaşdırılmasına diqqət çəkib, birgə konfransların keçirilməsinin əhəmiyyətini qeyd edib. Qərb elmi ilə əlaqələrin qurulması və faydalı əməkdaşlığın əhəmiyyətindən bəhs edərkən o, faydalı əməkdaşlığın formalaşmasının birgə fəaliyyətimizə təkan verə biləcəyini vurğulayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Vazeh Əsgərov həyata keçirilən layihələrdən, xarici universitetlərlə qarşılıqlı əməkdaşlıqlardan söz açıb.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bu forumun daimi və davamlı platforma olduğunu qeyd edərək birgə kadr hazırlığından danışıb.

Bakı Mühəndislik Universitetinin həyata keçirdiyi layihələrdən bəhs edən rektor Yaqub Piriyev xarici təhsil ocaqları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək universitetlərdə elmi tədqiqat qruplarının yaradılmasının vacibliyini diqqətə çatdırıb. Hal-hazırda tədbirdə iştirak edən alimlərlə Naxçıvan Dövlət Universitetinin əməkdaşlığının olduğunu bildirib.

Panel görüşü qarşılıqlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Xəbəri paylaş: