Sentyabrın 11-12-də Azərbaycan Mərkəzi Bankının (AMB) Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.
AMB-dən Rezonans.az-a bildirilib ki, səbəb sentyabrın 13-15-də Bakı şəhərində keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılmasıdır.
“Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək. Əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə Bakı şəhərində əhaliyə xidmət üzrə təşkil olunan “Nağd pul ofisi” Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 13:00-dək davamlı fəaliyyət göstərməkdədir.