Azərbaycanın ən yeni tarixində xalqımız tərəfindən qeyd olunan mühüm günlərdən biri 15 İyun Milli Qurtuluş Günüdür.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. 15 iyun 1993-cü il ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir.
Sirr deyil ki, Heydər Əliyevin siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi, iqtisadi, psixoloji sahələrdə Azərbaycan milllətinin maraqlarına uyğun siyasət həyata keçirdi. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi qeyd edir və bununla Ulu Öndərin xatirəsinə ehtiramını və məhəbbətini bir daha ifadə edir.
Bəllidir ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırıb. Bu baxımdan, biz hər dəfə vurğulayırıq ki, O, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib. Belə ki, Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət olub. Həmçninin, Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq Onu sevir, parlaq zəkasını qiymətləndirir və öz liderinə, Onun yeritdiyi siyasi kursa inanaraq ardınca gedirdi. Yəni bu gün Azərbaycanın qazandığı uğurlar Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Biz, unutmamalıyıq ki, bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Onun yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb.
Azərbaycan sürətlə inkişaf edir, ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi uğurlara imza atıb. Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz uğurlar həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə qəbul olunur və təqdir edilir. Azərbaycan hazırki şəratdə müsəlman ölkəsi olaraq digər dövlətlərə nümunə olacaq bir ölkədir. Keçirilən samitlər, nəhəng beynəlxalq tədbirlər, idman və mədəniyyət hadisələri, dünyanın lider ölkələrinin başçılarının Bakıda müxtəlif səpgili görüşlər keçirmələri bilavasitə Azərbaycanın dünyanın mərkəzi rolunda olduğunu sübut edir. Yəni biz çox sürətlə irəliyə getməkdəyik və əldə olunan sosial-iqtisadi, diplomatik-siyasi uğurlar milli-mənəvi dəyərlərimizə də öz təsirini göstərməkdədir. Azərbaycanın dünyaya nümunə olacaq Qarabağ zəfəri bunların ən böyük göstəricisidir. Azərbaycan həmçinin özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiq edib. Bütün bunlar əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticələridir ki, bu gün Prezident cənab İlham Əliyev tərəfindən müdrikliklə, mütərəqqi addımlarda davam etdirilir.
Yusif Hacıyev
Göygöl RİHBA baş mütəxəssisi










