"5,3 milyard dollarlıq borcumuzu bir gündə qaytara bilərik" - İlham Əliyev

img

"Bu ilin iqtisadi sahədə göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Biz son illər ərzində mənim tapşırığımla xarici borcumuzu ildən-ilə aşağı salırdıq və bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir".

Rezonans.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.

"Demək olar ki, biz bütün əsas kreditləri qaytarmışıq və yəni, əgər borcumuzu mütləq rəqəmlərlə götürsək, təqribən 5,3 milyard dollardır, - biz bir gündə qaytara bilərik. Daha heç bir ölkə ilə özümüzü müqayisə etmək istəmirəm. Amma bir rəqəmi deyim ki, inkişaf etmiş ölkələrin bəzilərində, o cümlədən bizə mühazirə oxumaq istəyən bəzi ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək rəqəmi təşkil edir. Yəni, bu, sadəcə olaraq kiçik bir arayışdır.

Əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Çünki biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır.

Yəni, bu sosialyönümlü siyasət bir daha bizim ümumi siyasətimizi, niyyətimizi göstərir. Əlbəttə ki, gələcəkdə bu istiqamətdə siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir. Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır. O cümlədən böyük rəmzi məna daşıyan “İstisu” su zavodunun açılışı olmuşdur və artıq istisu yenə də bizim süfrəmizdədir. Bu, doğrudan da həm böyük rəmzi məna daşıyır, həm də ki, tarixi ədalətin bərpasıdır. Çünki vaxtilə - sovet dövründə fəaliyyət göstərən həm zavod, həm də sanatoriya ermənilər tərəfindən dağıdılmışdır", - deyə dövlət başçısı qeyd edib.

Xəbəri paylaş: