Azərbaycan Ordusu böyük şücaət və qəhrəmanlıq göstərdi

img

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusu öz Prezidentinə, xalqına arxalanaraq böyük şücaət və qəhrəmanlıq göstərdi. Azərbaycanın igid oğulları 30 il Ermənistan işğalında olan torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi. Azərbaycan Ordusunun əsgər və zabitləri dünyanı heyrətə salan, eləcə də dünya hərb tarixinə yazılan qəhrəmanlıq nümayiş etdirdilər.


Vətən müharibəsində vuruşan əsgər və zabitlərimizin əksəriyyətini gənclər təşkil edrdi. Bu o gənclər idi ki, Ali Baş Komandan cənab İlham Əliyev ilk dəfə Prezident seçilən vaxt onlar uşaq idi. Məhz cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclərimiz milli ruhda böyüdülər, Vətən uğrunda, torpaq uğrunda canlarını belə əsirgəmədilər. 


Vətən müharibəsində Zəfər qazanmağımızın ən böyük amillərindən biri xalq-iqtidar birliyi oldu.  Uşaqdan tutmuş yaşlı insanlarımıza qədər hər bir vətəndaş bu  müharibədə böyük mərdlik nümayiş etdirdilər. Övladı şəhid olmuş valideyn də, erməni vəhşilərinin şəhərlərimizi raket atəşinə tutması nəticəsində körpəsini itirmiş ata-analarımız da sınmadı, Vətən sağ olsun, ancaq irəli dedilər. 

Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, döyüşlərdə yaralanmış hərbiçilərimizə böyük diqqət və qayğı ilə yanaşırlar. Müharibə dövründə cənab İlham Əliyev və Mehriban xanım Əliyeva qospitalda müalicə olunan hərbiçilərimizlə görüşmüş və ölkə başçımız göstərdikləri qəhrəmanlığa görə onlara öz minnətdarlığını bildirmişdi. Müharibə qələbəmizlə başa çatdı. Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atmağa məcbur edildi. 


Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev 2020-ci il dekabrın 2-də  sentyabrın 27-nin Anım Günü  kimi qeyd edilməsi haqqında Sərəncam imzaladı.  2021-ci il 27 sentyabr  Anım Günündə keçirilən yürüş xalqımızın yenilməzliyinin, birliyinin bariz nümunəsi oldu. Yürüşdə Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etməsi və yürüşün önündə əllərində şəhid hərbiçi və şəhid körpənin şəkillərini tutmaqla Prezident və Birinci vitse-prezidentimiz dünyaya bir mesaj vermiş oldular. Bu hərbiçisindın tutmuş körpəsinədək hər bir vətəndaşın Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olduğunun göstəricisi idi. Anım Gününün qeyd edilməsi sübut edir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi daim əzizdir. Dövlətimiz,  şəxsən cənab İlham Əliyev, hər zaman müharibədə şəhid olmuş hərbiçilərimizin ailə üzvlərinə, yaralanmış hərbiçilərimizə və müharibə veteranlarına böyük qayğı ilə yanaşır. Bu qəbildən olan insanların sosial məişət və digər problemləri təcili olaraq həll edilir. Müharibədə ağır yaralanmış əsgər və zabitlərimiz müalicə olunmaq üçün xarici dövlətlərə göndərilir və onlar sağalaraq öz ailələrinin, əzizlərinin  yanına dönürlər. Ehtiyacı olanlar ən yüksək texnologiya ilə hazırlanmış protezlərlə təmin olunurlar.

Bu gün  bütün xalqımız Anım Gününün növbəti ildönümünü qeyd edir. Bununla bütün dünyaya göstəririk ki, biz böyük və yenilməz xalqıq. Azərbaycan xalqı öz torpaqlarını və dövlətini qorumağa qadir xalqdır. Anım Günü xalqımızın əyilməzliyinin, birliyinin simvoludur. 


Biz döyüş meydanında da, siyasi arenada da Qələbə qazanmışıq. Bu Qələbə ilə ölkəmiz üçün yeni dövr açıldı. Bu, inkişaf və tərəqqi dövrü olacaq. Müharibədə qalib gəlmiş xalqımız artıq işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidənqurması ilə də dünyanı heyrətləndirməkdə davam edir. Bu ərazilərə gələn xarici qonaqlar, jurnalistlər və diplomatlar qısa müddət ərzində görülən işlərdən heyətlərini gizlədə bilmirlər. Bu gün hər bir vətəndaşımız azərbaycanlı olduğu üçün və İlham Əliyev kimi bir lideri -  Dövlət başçısının olduğu üçün fəxr edir.


Kamilə Əliyeva,

BDU-nun kafedra müdiri, 

professor

Xəbəri paylaş: