Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə 27 Sentyabr–Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Rezonans.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Kollecin şöbə müdirləri şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Tədbirdə çıxış edən şəhid anası Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyib və ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri qayğı və diqqətə görə minnətdarlığını bildirib. Digər çıxış edənlər də ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu qeyd ediblər.