Ölkəmizin iqtisadi gücü və siyasi nüfuzu artır

img

Məlum olduğu kimi, sentyabrın 26-da keçirilmiş və iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında ölkə Prezidenti cənab İlham Əliyev cari ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədə olduğunu vurğulamaqla yanaşı son illər ərzində neft sektorunda müşahidə olunan və ümumi iqtisadi inkişaf templərinə mənfi təsir göstərən amillərdən də bəhs etdi.

Qeyd olundu ki, bəzi xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı. Lakin bu sahədə aşkar olunan nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqların gedişində onların diqqətinə çatdırılıb və həmin şirkətlərdən tələb olunub ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Dövlətimizin başçısı bildirdi ki, artıq bundan sonra müvafiq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına daim xüsusi diqqət yetirəcək. Beləliklə, ölkə iqtisadiyyatının inkişaf templərini ləngidən əsas amil aradan qaldırılacaq və gələn il sabit neft hasilatı təmin ediləcək. Cənab Prezident həmçinin belə bir mühüm açıqlama da verdi ki, hazırda Azərbaycan neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyir və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozları var.

Yeri gəlmişkən, bu gün biz birmənalı olaraq deyə bilərik ki, cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial siyasət kursunun mərkəzində hər zaman insan amili, Azərbaycan vətəndaşı durur. 2003-cü ildən bu günə qədər ölkə iqtisadiyyatının inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atılan ardıcıl, məqsədyönlü addımlar bunu daim təsdiqləyib. Bu siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. O cümlədən iqtisadi müşavirədə etdiyi çıxışında cənab Prezident gələn il minimum əməkhaqqı və minimum pensiya hədlərinin artırılacağını bir daha bəyan etdi. Baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, dövlətimizin başçısı həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün bundan sonra da bütün lazımi tədbirlərin görüləcəyini vurğuladı. 

Ən əsası, bu bir daha onu göstərir ki, xüsusilə son illər ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə əsaslı zəmin yaradıb.


İlqar İsayev,

YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının sədr müavini

Xəbəri paylaş: