“Azərbaycanın milli parklarının tanıtımı” bu dəfə Gəncədə

img

30 sentyabr 2024-cü il tarixində Gəncə şəhəri Filarmoniya bağında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” tədbiri keçiriləcək. 

ETSN-nin mətbuat katibi İradə İbrahimova Rezonans.az-a bildirib ki, "Biomüxtəliflik-təbiətin harmoniyası" devizi altında bu dəfə Gəncədə baş tutacaq tədbirdə ölkəmizdə fəaliyyət göstərən 10 milli parkın hər birinin özünəməxsusluğunu əks etdirən stendlər yer alacaq, milli parklara aid videoçarxlar, ekoturizm marşrutları nümayiş etdiriləcək. 

Onun sözlərinə görə, digər tədbirlərdə olduğu kimi, bu tədbir çərçivəsində də canlı ifalar və milli rəqslər yer alacaq, gənc rəssamlar milli parklara aid rəsmlər çəkəcək, iştirakçılar arasında ekoviktorina təşkil olunacaq.

“Milli parkların tanıtımı ilə bağlı əvvəlki tədbirlərimiz iştirakçı marağına səbəb olduğundan növbəti tədbirin Gəncədə təşkilinə qərar verdik. Düşünürük ki, bu cür tədbirlərdə ziyarətçilər ölkəmizdəki milli parkların ekosistemi ilə yaxından tanış olmaq imkanı qazanır".

Nazirlik sözçüsü ekoturizm həvəskarlarını milli parklarımızın stendləri ilə yaxından tanış olmağa və hər bir milli park haqqında maraqlı məlumatlar əldə edərək gələcəkdə asudə vaxtlarını milli parklarda səmərəli keçirmək üçün bu seçim fürsətini dəyərləndirməyə çağırıb:

“Bu tədbir həm də milli parklarımızı daha yaxından tanımağa və tanıtdırmağa yaradılan bir fürsətdir. Hər birinizi Sizlər üçün təşkil edilən bu tanıtım fürsətindən yararlanmağa çağırırıq”.

Xəbəri paylaş: