Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərindən başlayaraq erməni separatçılarının Azərbaycana olan torpaq iddiaları və hərbi təcavüzü nəticəsində rayon və kəndlərimiz işğal olundu və nəticə etibarı ilə bir milyondan çox azərbaycanlı öz doğma yurd yuvalarından didərgin düşdü. Ard-arda rayonlarımızın işğalı ölkənin siyasi və iqtisadi durumunu da çətinləşdirir, Azərbaycanın bir dövlət kimi süqutuna zəmin yaradırdı.
Qeyd edək ki, 1993-cü ildə digər rayonlarımız kimi Cəbrayıl rayonununda düşmən tərəfindən işğalı və işğal nəticəsində rayon sakinlərinin öz doğma yurd-yuvalarından didərgin düşməsi çox ciddi sosial-iqtisadi problemlərə gətirib çıxardı.
Belə bir çətin dönəmdə xalqın imdadına yetişən Ümummilli lider Heydər Əliyevin uğurlu, uzaqgörən siyasəti sayəsində 1994-cü ildə imzalanan atəşkəs müqəviləsi daha geniş miqyaslı ərazi və torpaq itkilərindən Azərbaycanı xilas etmiş oldu.
“Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək” fikrini söyləyən Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafı istiqamətində mühüm addımlar atırdı.
Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində xalqımızın torpaq və vətən həsrətinə son qoyuldu. Bu tarixi Zəfərin ilk müjdəsi isə 4 oktyabr 2020-ci il tarixdə məhz Cəbrayıl rayonunun işğaldan azad olunması oldu. Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır. Dünya ölkələri, xüsusilə də Qərb dünyası yeni reallığı dərk edir, bununla barışmalı olur. İqtisadi cəhətdən yüksək inkişafa nail olmuş Azərbaycan uğurlu xarici siyasət yürüdür. Burada Türkiyə ilə qardaşlıq münasibətini, Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrini xüsusi qeyd etmək olar. Şanlı qələbəmiz ilə əlimiz gücləndi. İndi biz masa arxasında qalib ölkə kimi otururuq, bu isə düşməni şərtlərimizi qəbul etməyə məcbur edir. Postmünaqişə dövründə regional geosiyasi gündəliyi Azərbaycan diktə edir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışın təmin olunması, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarının yaradılması və bu kimi digər istiqamətlərdə görülən işlər ölkəmizin gücünün artması, yeni perspektivlərin açılması deməkdir. Ən əsası, bu, Azərbaycanın strateji hədəflərə doğru əmin addımlarla irəliləməsini təmin edir.
Beləliklə, 44 günlük Vətən Müharibəsində şanlı ordumuz tərəfindən işğaldan azad olan ərazilərə artıq yeni nəfəs gəlib, bu gün bu ərazilərdə aparılan bərpa işləri, infrastrukturun bərpası, strateji obeyktlərin tikintisi Azərbaycan dövlətinin daxili imkanları əsasında aparılır və 30 il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır.
Cavid Əsgərzadə,YAP Göygöl rayon təşkilatı Aparatının məsləhətçisi