Aşıq Ələsgər Azərbaycan ozan sənətinin zirvəsidir

img

Azərbaycan xalqının ədəbiyyatı və mədəniyyəti tarixində əhəmiyyətli rol oynamış, yaradıcılığı ilə xalqımızın dilini, mənəviyyatını zənginləşdirmiş, ölməz əsərləri ilə mənəvi irsimizə böyük töhfələr vermiş elə görkəmli şəxsiyyətlər olmuşdur ki, onların qoyub getdiyi izlər bu gün də hər birimiz üçün qürur mənbəyidir.  


Bu şəxsiyyətlər xalqın mənəvi xəzinəsini yaratmaqla yanaşı, özlərindən sonra dəyərli  miras qoyaraq ədəbiyyat tariximizə adlarını qızıl hərflərlə yazdırmışdılar. 

Belə görkəmli sənətkarlardan biri də  Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxmış, insanların qəlbindən gələn səmimi sözləri şeiriyyətə çevirərək rəğbət qazanmış, zəngin yaradıcılığı ilə hər kəsin ürəyində daim yaşayan  Aşıq Ələsgərdir.   Dövlət başçımız İlham Əliyev Azərbaycan mədəniyyətini yaşadan, dünyaya tanıdan belə görkəmli sənətkarlara daim qiymət vermiş, onların gənc nəsillərə tanıdılması üçün bir çox əhəmiyyətli addımlar atmışdır. 2021 – ci ildə Prezident İlham Əliyev Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanmışdır. Bu  Sərəncamlardan birincisi  Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını, digəri isə onun abidəsinin ucaldılmasını nəzərdə tuturdu.Ömrünün böyük hissəsini Azərbaycanın qədim torpağı olan Göyçə mahalında keçirən Aşıq Ələsgər, 1918-ci ildə erməni vəhşilikləri nəticəsində 97 yaşında doğma torpaqlarından ayrılmağa məcbur olmuşdur. Bu, Azərbaycan xalqının XX əsrdə yaşadığı ilk deportasiya dalğası idi. Lakin doğulduğu torpağına olan  sevgisi, Vətənə bağlılığı bir müddət sonra onu yenidən doğma kəndinə, Ağkilsəyə qayıtmağa vadar etmiş və həyatının son illərini də elə burada keçirmişdir. 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən Aşıq Ələsgərin 150 illik yubileyi keçirilmiş və onun abidəsi Göyçə mahalında ucaldılmışdır. Əfsuslar olsun ki, bu abidə erməni vandalları tərəfindən sonradan dağıdılmışdır. 2024-cü ilin 30 sentyabr tarixində Bakı şəhərində Azərbaycan ozan yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin şəxsi iştirakı ilə baş tutan bu mühüm tədbir Azərbaycan mədəniyyətinin ən dəyərli nümunələrindən biri olan aşıq sənətinə böyük ehtiramın ifadəsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  çıxışı təkcə Aşıq Ələsgərin yaradıcılığına verilən qiymət deyildi, həm də Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli kimliyinin qorunması ilə bağlı mühüm mesajlarla dolu idi.  Aşıq Ələsgər Azərbaycan xalqının yaddaşında dərin iz buraxan, milli ruhu qoruyub saxlayan və onu gələcək nəsillərə çatdıran böyük sənətkardır. Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, Aşıq Ələsgər yalnız bir aşıq deyil, o, həm də Azərbaycan xalqının mənəvi dirçəlişini, torpaq və Vətən sevgisini təcəssüm etdirən simvol olmuşdur. Onun yaradıcılığı milli kimliyimizin ayrılmaz hissəsidir və bu mədəni irsin qorunması Azərbaycan dövləti üçün prioritet məsələdir. Dövlət başçısı çıxışında xüsusi olaraq qeyd etdi ki, Aşıq Ələsgərin poeziyası xalqımızın çətin günlərində, xüsusilə erməni təcavüzü və deportasiya dövrlərində millətimizə mənəvi dəstək olmuşdur. Onun əsərlərində ifadə olunan Vətən sevgisi və xalqına bağlılıq ruhu bugünkü nəsillər üçün də böyük nümunədir. Prezident qeyd etdi ki, Aşıq Ələsgər xalqın yaddaşında həmişə yaşayan və Azərbaycan mədəniyyətinin əbədiləşməsinə xidmət edən bir şəxsiyyətdir. 

 Prezident İlham Əliyev çıxışında Azərbaycan tarixində baş vermiş deportasiyalar və erməni təcavüzündən də bəhs etdi. O, vurğuladı ki, Aşıq Ələsgər də bu ağır dövrlərin canlı şahidi olmuş və bu hadisələr onun yaradıcılığında dərin izlər buraxmışdır. Azərbaycan xalqı üç böyük deportasiya dalğasına məruz qalmış və doğma torpaqlarından didərgin düşmüşdür. Aşıq Ələsgər özü də 1918-ci ildə erməni vəhşilikləri nəticəsində 97 yaşında doğma Göyçə mahalından çıxmağa məcbur qalmış, lakin ömrünün son illərində Vətənə geri qayıtmışdır. Prezident İlham Əliyev bu məqamı xüsusilə vurğulayaraq bildirdi ki, bu gün Azərbaycan xalqı üçün "Böyük Qayıdış" proqramı artıq reallıqdır. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi ilə xalqımız doğma torpaqlarına qayıdıb və bu proses davam edir. Prezident çıxışında qeyd etdi ki, bir gün Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımız da öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu məqamda Aşıq Ələsgərin doğma torpaqlarına qayıdışı və bu torpaqlarda yenidən Vətən sevgisi ilə dolu yaradıcılıqla məşğul olması bir simvol kimi dəyərləndirildi. Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının birliyini və milli ruhunun sarsılmazlığını önə çəkdi. O, Aşıq Ələsgərin abidəsinin ucaldılmasını təkcə bir sənətkara ehtiram ifadəsi kimi deyil, həm də Azərbaycan xalqının öz mədəniyyətinə, torpağına və milli dəyərlərinə bağlılığının simvolu kimi dəyərləndirdi. Prezident vurğuladı ki, Azərbaycan xalqı son 200 illik tarixi boyu erməni təcavüzünə və beynəlxalq ədalətsizliklərə məruz qalsa da, heç vaxt öz iradəsini itirməmiş, milli birliyini qoruyub saxlamışdır. Bu birlik sayəsində Azərbaycan torpaqlarını işğaldan azad etmiş və suverenliyini bərpa etmişdir. Prezidentin çıxışında Azərbaycan xalqının suverenliyinə və müstəqilliyinə olan böyük sevgi də diqqət mərkəzində idi. O, bildirdi ki, xalqımızın öz torpaqlarına, mədəniyyətinə və milli dəyərlərinə bağlılığı heç bir xarici qüvvə tərəfindən məhv edilə bilməz. Xalqın iqtidarla birliyi və iradəsi qarşısında heç bir güc dayana bilməz. 

Aşıq Ələsgərin abidəsi Azərbaycan xalqının mədəniyyətinə və torpağına olan bağlılığını daim yaddaşlarda yaşadacaq bir simvol kimi qalacaqdır. Bu gün suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda nikbinlik hissləri yaratmışdır. Antiterror əməliyyatları və ondan sonrakı dövr göstərdi ki, xalq-iqtidar birliyi olan yerdə, Azərbaycan xalqının iradəsi və gücü qarşısında heç bir qüvvə dayana bilməz. Cənab İlham Əliyev çıxışının sonunda zamanı gəldiyində Azərbaycan xalqının Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini yenidən bərpa edərək, doğma Ağkilsə kəndində onun xatirəsinə oxşar mərasim keçirəcəyinə əmin olduğunu bildirdi.  

İnanırıq ki,  Aşıq Ələsgərin  abidəsinin açılışı təkcə onun xatirəsinə olan dərin hörmətin ifadəsi deyil, həm də bütün Azərbaycan xalqını bir amal uğrunda birləşdirən yeni bir dövrün başlanğıcı kimi yaddaşlarda qalacaqdır.


Ziyafət Əsgərov 

Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini

Xəbəri paylaş: