"Xalqımız Ümumilli liderinin əziz xatirəsini daima yad edir" - Ziyafət Əsgərov

img

Hər bir xalqın tarixində Vətəni üçün atdığı addımlarla,gördüyü işlərlə vətəndaşları tərəfindən qəhrəmanlıq simvolu, xilaskar kimi qəbul edilən,illər keçsə də qəlblərdə daim yaşayan  şəxsiyyətlər olmuşdur. Belə şəxsiyyətlər dövlətin ən çətin, qaranlıq dövrlərinə işıq tutmuş, xalqının gələcəyini xilas etmiş və adlarını dövlətçilik tarixinə əbədi yazdırmışlar.Şübhəsiz ki, Ulu Öndərimiz, Ümumilli Lider Heydər Əliyev də Azərbaycan xalqının əvəzsiz şəxsiyyəti, əbədi qəhrəmanıdır.


Xalqımız Ümumilli liderinin əziz xatirəsini daima yad edir, onun vətəni üçün etdiyi əvəzsiz xidmətləri heç vaxt unutmur.

1991 – 1993 – cü illərdə Azərbaycanda ağır siyasi və iqtisadi böhran yaşanır, hərc-mərclik dövlət idarəçiliyinə təsir edir, xalq hər gün yeni problemlərlə üzləşirdi. Bir tərəfdən Ermənistanla müharibə şəraitində olan Azərbaycan, digər tərəfdən isə daxildə də siyasi sabitlikdən məhrum idi. Azərbaycanın idarəetməsinin qeyri-peşəkar,səriştəsiz şəxslərin əlində olması nəticəsində xaos vəziyyəti yaranmış, dövlətin iqtisadiyyatı tamamilə sarsılmışdı. Belə çətin bir şəraitdə  xalq çıxış yolu olaraq yenidən  öz xilaskarına üz tutdu. 1993-cü ilin yayında xalqın təkidi və dəstəyi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi və onun rəhbərliyi altında dövlət idarəçiliyində köklü islahatlar başladı, sabitliyin və qayda-qanunun təmin edilməsi üçün ciddi addımlar atıldı. Beləliklə, Ulu Öndərin qətiyyətli addımları, Azərbaycanı böhran və xaosdan qurtararaq stabillik yoluna çıxardı.

3 oktyabr 1993 – cü il prezident seçkiləri Azərbaycan Respublikasını aydınlığa çıxardan bir tarix kimi yadda qalıb. Belə ki, bu seçkilər zamanı xalq öz üzərinə düşən böyük məsuliyyəti çox gözəl dərk edərək qurtuluşa gedən yolun ilk addımını atmış –  Ulu Öndərimiz Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçmişdir. Heydər Əliyevin böyük səs çoxluğu ilə Prezident seçilməsilə  bugünkü qüdrətli,suveren,müstəqil Azərbaycan dövlətinin təməli qoyulmuşdur. Ümumilli Lider Heydər Əliyevin ömrünü Azərbaycan Respublikasının gələcək inkişafına həsr edəcəyi, onun and içmə mərasimindəki nitqində artıq aydın olmuşdur. Heydər Əliyev nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” Ümumilli Lider Azərbaycanın taleyüklü məsələlərinin həlli uğrunda mübarizə apararkən, öz təhlükəsizliyini təhlükəyə ataraq xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutmuşdur. Xüsusilə, 1993-cü ildə ölkədə baş verən siyasi gərginlik zamanı o, Bakıdakı hakimiyyət çəkişmələrindən uzaq durmuş, Gəncəyə yollanıb oradakı qiyamın qarşısını almışdır. 

Xalq arasında "Ulu Öndər" kimi sevilən millətin məhəbbətini qazanmış lider, Azərbaycanın dövlətçiliyinin əsasını möhkəmləndirmək üçün çalışmış və xalqı üçün yorulmadan fəaliyyət göstərmişdir. Onun müdrik və qətiyyətli rəhbərliyi, ölkəni çətin dövrlərdən çıxararaq sabit və inkişaf etmiş bir Respublikaya çevirmişdir. Heydər Əliyevin qlobal düşüncəsi, geniş dünyagörüşü və reallığa əsaslanan siyasəti ölkənin taleyində həlledici rol oynamışdır. Ulu Öndər, təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə də hörmət qazanmış, yüksək səviyyəli dövlət xadimi kimi tanınmışdır. Peşəkarlığı və strateji düşüncəsi ilə fərqlənən Ümumilli lider, siyasət dünyasında “siyasət qrosmeysteri”, “siyasət nəhəngi”  və “siyasət patriarxı” kimi tanınırdı.Təkcə siyasi fəaliyyətləri ilə deyil, həm də natiqlik qabiliyyəti ilə də yadda qalan Ulu Öndərin çıxışları, hər zaman xalqı ruhlandırmış, millətə ümid və inam vermişdir. Onun nitqlərində, yalnız siyasi ideyalar deyil, həm də xalqın tarixi, mədəniyyəti və mənəvi dəyərləri öz əksini tapırdı. Hər zaman xalqın dilində danışan, onların ürəyindən keçənləri ifadə edən Böyük Liderin çıxışları dərin analitik təhlil və mövzuya dərindən yanaşma ilə fərqlənirdi.

Xalqın tələbi ilə yenidən siyasi arenaya qayıdan Ümumilli Lider, qısa zamanda ölkəni siyasi xaosdan çıxararaq sabitliyi bərpa etməyi bacarmış,  Azərbaycan üçün müstəqillik yolunda vacib addımlar məhz bu dönəmdə atılmağa başlanmışdır. Heydər Əliyev xalqın güvənini qazanmaqla yanaşı, dövlət quruculuğu sahəsində əvəzsiz rol oynadı. O, ölkəni dağılmaq təhlükəsindən qurtararaq iqtisadiyyatın, təhsilin və ordunun möhkəmlənməsinə yönəlik ciddi islahatlar həyata keçirdi. Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi suverenliyi təmin olundu,ölkədə siyasi stabillik bərpa edildi və iqtisadi yüksəlişin təməli qoyuldu. Bu dönəmdə xüsusilə düzgün qurulan neft strategiyasının məntiqi nəticəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi və digər enerji layihələrinin işə salınması ilə siyasi suverenliklə yanaşı, iqtisadi sabitlik də təmin edildi. Ulu Öndərin rəhbərliyi altında Respublikanın beynəlxalq nüfuzu yüksəldi və Azərbaycan, dünya siyasi arenasında öz sözünü deyən müstəqil bir dövlət kimi tanındı.

Ümumilli Lider Heydər Əliyev Azərbaycanı iqtisadi və siyasi inteqrasiya prosesinə qoşaraq, ölkənin dünya iqtisadiyyatına sıx şəkildə inteqrasiya etməsinə şərait yaratmışdır. Azərbaycanın Avropa və Asiya arasında yerləşməsi, ölkənin tranzit potensialını artıraraq, strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə imkan vermişdir. Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı –Tbilisi – Ərzurum qaz kəmərinin  çəkilməsi Ulu Öndərin  iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi idi. 

Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası Azərbaycanın dünya enerji bazarında önəmli bir yer tutmasına səbəb olmuşdur. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” adlanan neft müqaviləsi ölkənin neft ehtiyatlarının beynəlxalq şirkətlərlə əməkdaşlıq şəraitində istismar edilməsini təmin etmişdir. Bu strategiya Azərbaycanın iqtisadi qüdrətini artıraraq, ölkəyə böyük həcmdə xarici investisiya axınının gəlməsinə şərait yaratmış,  neft strategiyasının uğurlu həyata keçirilməsi, Azərbaycanın enerji təhlükəsizliyini təmin etmiş və ölkəni dünya enerji bazarında əsas oyunçulardan birinə çevirmişdir. Heydər Əliyev xarici siyasətində Azərbaycanın coğrafi mövqeyindən, təbii sərvətlərindən və iqtisadi potensialından maksimum faydalanma siyasəti yürütmüş, bu siyasət çərçivəsində, ölkə beynəlxalq enerji layihələrində, xüsusilə neft və qaz kəmərlərinin çəkilməsi sahəsində əhəmiyyətli işlərə imza atmışdır. "Böyük İpək Yolu"nun bərpası və Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizinin yaradılması kimi təşəbbüslər, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə şərait yaratmışdır. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq ticarət yollarının kəsişməsində mühüm strateji rol oynamağa başlamışdır. Azərbaycan xalqının mənəvi yüksəlişində böyük rol oynayan milli ideologiyanın formalaşdırılması və təbliği Heydər Əliyevin idarəçiliyinin mərkəzində duran əsas amillərdən biri idi. Ulu Öndərin ideologiyası təkcə siyasi baxımdan deyil, həm də mədəni və mənəvi baxımdan xalqı birləşdirən bir güc kimi  Azərbaycanın müstəqilliyini və suverenliyini qorumaq üçün mühüm bir rol oynadı.

Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas prinsiplərindən biri dayanıqlı inkişaf idi. O, Azərbaycanın iqtisadi inkişafının yalnız demokratik və bazar iqtisadiyyatı prinsiplərinə söykənərək mümkün olduğunu hesab edirdi. Ulu Öndər həmişə ölkənin milli maraqlarını qorumaq üçün balanslaşdırılmış qərarlar qəbul edir və Azərbaycanın davamlı inkişafı üçün uyğun şərait yaradırdı.  Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi istiqamətində çox mühüm addımlar atmış, milli-mənəvi dəyərlərə söykənən bir siyasət yürüdərək ölkənin dünya miqyasında müstəqil və güclü dövlət kimi tanınmasını təmin etmişdir. Bununla yanaşı, ölkənin ərazi bütövlüyünün qorunması, xalqın birliyinin təmin edilməsi və Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutması Heydər Əliyevin dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. 

Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ilin 12 noyabrında qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin demokratik inkişafının əsasını qoymuş, insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlətin qurularaq siyasi sistemin demokratik prinsiplərə uyğun şəkildə formalaşmasını təmin etmişdir.         Heydər Əliyev ölkədə siyasi islahatların aparılmasına xüsusi diqqət yetirərək, Azərbaycanın demokratik cəmiyyətə inteqrasiya etməsi üçün zəruri hüquqi bazanı yaratmışdır. 

Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin əsaslarını möhkəmləndirmək üçün ölkədə dərin hüquqi islahatlar həyata keçirmişdir. Bu islahatlar nəticəsində vətəndaş cəmiyyəti formalaşmış və siyasi mədəniyyətin əsasları qoyulmuşdur. O, hüquqi dövlətdə insan hüquqlarının qorunmasının və qanunların ali statusunun təmin edilməsinin zəruriliyini vurğulayırdı. Heydər Əliyevin təşəbbüsləri sayəsində Azərbaycanda hüquqi dövlət ənənələrinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.  Ulu Öndər Heydər Əliyev Azərbaycanın hüquqi və təhlükəsizlik sisteminin əsasını təşkil edən bir sıra islahatlar həyata keçirmişdir. O, ölkədəki cinayətkarlıq və hüquq pozuntularına qarşı qətiyyətli mübarizə elan edərək, hüquq-mühafizə orqanlarının fəaliyyətini gücləndirmişdir. Bu mübarizə çərçivəsində cinayətkarlığa, korrupsiyaya, terrorizmlə mübarizəyə xüsusi diqqət yetirilmiş və qanunun aliliyinin təmin edilməsi məqsədilə geniş tədbirlər görülmüşdür. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa və mütəşəkkil cinayətkar qruplara qarşı barışmaz bir siyasət yürüdülmüşdür.

Heydər Əliyevin rəhbərliyi ilə ölkənin siyasi-hüquqi sistemində köklü islahatlar aparılmışdır. Bu dəyişikliklər, siyasi və hüquqi sahələrdə demokratik proseslərin genişlənməsinə və hüquq sisteminin möhkəmləndirilməsinə səbəb olmuşdur. O, senzuranın ləğvi, insan hüquqlarının qorunması və azadlıqların təmin olunması istiqamətində əhəmiyyətli addımlar atmışdır. Heydər Əliyevin hüquqi islahatları sayəsində Konstitusiya Məhkəməsi, Ombudsman təsisatı və digər demokratik institutlar yaradılmış, ölüm hökmü ləğv edilmişdir. Beləliklə, aparılan bütün bu islahatlar hüquqi dövlət prinsiplərinin möhkəmlənməsində  mühüm rol oynamışdır Heydər Əliyev Ermənistan – Azərbaycan münaqişəsinin beynəlxalq aləmdə düzgün təqdim olunması üçün ardıcıl addımlar atmışdır. O, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını dünya ictimaiyyətinə çatdıraraq, düşmənin təcavüzkar siyasətini ifşa etmişdir. Bu münaqişənin beynəlxalq təşkilatların gündəminə gətirilməsi və Azərbaycanın mövqeyinin dünya ictimaiyyətində dəstəklənməsi, Heydər Əliyevin xarici siyasət strategiyasının mühüm bir hissəsi olmuşdur. O, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün beynəlxalq səviyyədə danışıqların aparılmasına nail olmuş və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qətiyyətli mövqe sərgiləmişdir. 

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin təməllərini elə möhkəm qoyub və onu  elə layiqli davamçıya təhvil verib ki, Azərbaycanın gücü-qüdrəti gündən-günə artır. İkinci Qarabağ Müharibəsi ilə bizə tarixi Zəfər yaşadan Ali Baş Komandanımız  İlham Əliyevin Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində separatçıların təslim olmasına nail olaraq  ölkəmizə növbəti tarixi Qələbəni bəxş etmişdir. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan  çıxarılması, qondarma rejimin ləğv olunması ilə Azərbaycanın suverenliyi tam bərpa olunmuşdur. Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, gücünə-qüdrətinə qarşı çıxmaq istəyən hər bir kəs bilməlidir ki, Azərbaycan Heydər Əliyev siyasəti ilə yaşayır və irəliləyir, bu siyasət dövlətimizin sarsılmaz təməlində dayanır. Onun qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi isə Azərbaycan xalqının yaddaşında əbədi olaraq 


Ziyafət Əsgərov

Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini

Xəbəri paylaş: