AZPROMO və Azərbaycan Françayzinq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

img

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Azərbaycan Françayzinq Mərkəzi (AFM) arasında Azərbaycanda istehsal olunan mal və xidmətlərin ixracının təşviqi və bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsi üzrə əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

AZPROMO-dan Rezonans.az-a bildirilib ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Azərbaycan Françayzinq Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Françayzinq Dəstək Proqramının (MFDP) fəaliyyətə başlamasına həsr olunan tədbir keçirilib. Tədbirdə iaşə obyektləri, mağaza şəbəkələri, kənd təsərrüfatı, tekstil, səyahət və biznesin digər sahələrini təmsil edən 23 şirkət nümayəndəsi iştirak edib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev agentliyin fəaliyyəti, o cümlədən ixracın təşviqi mexanizmləri və təsdiqlənməsi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi haqqında məlumat verib. O bildirib ki, françayzinq biznes modelinin ölkəmizdə inkişafı gələcəkdə Azərbaycanın qeyri-neft ixracına mühüm töhfə verəcək.

AFM-nin direktoru və MFDP-nin koordinatoru Elnur İslamov milli brendlərin beynəlxalq bazarlarda uğur qazanması üçün bu proqramın yaratdığı imkanlardan danışıb. O qeyd edib ki, milli brendlərin ölkəmizin iqtisadi və biznes maraqla yanaşı zəngin mədəni və tarixi dəyərlərimizin də təbliği cəhətdən çox önəmlidir.

“Topfranchise” şirkətinin həmtəsisçisi Vasil Qazizulin isə şirkətlərin qlobal bazarlara daxil olması prosesi və MFDP mövzusunda təqdimatla çıxış edib.

Tədbir zamanı, həmçinin biznes nümayəndələri tərəfindən təmsil etdikləri brendlər haqqında məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, proqramın Azərbaycanın işgüzar mühiti üçün yaratdığı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş: