Azərbaycanda sahibkarların neçə faizi qadınlardır?

img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən 2024-cü il oktyabrın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 373 mini ötüb.

Dövlət Statistika Komitəsindən Rezonans.az-a bildirilib ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (26,5 faiz), Lənkəran-Astara (10,2 faiz), Qazax-Tovuz (7,9 faiz) və Mərkəzi Aran (7,1 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 76,9 faizini kişilər, 23,1 faizini isə qadınlar təşkil edib. Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 36,1 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 25,8 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 21,7 faizini təşkil edir.

Sahibkar qadınların 28,6 faizi Bakıda, 10,1 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (28,3 faiz), Naxçıvan Muxtar Respublikası (27 faiz), Gəncə-Daşkəsən (26 faiz), Bakı (24,9 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Xəbəri paylaş: