Ulu Öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışını tələb etmək xalq tərəfindən verilmiş yeganə ən doğru və tarixi bir qərar idi

img

Ötən əsrin 90-cı illərinin əvvəlləri Azərbaycan xalqı üçün öz dövlət müstəqilliyini bərpa etməsilə əlamətdar olduğu kimi, böyük təlatümlər və həyati təhlükələrlə də yaddaşlara yazıldı. 1991-ci ildə Azərbaycan XX əsrdə artıq ikinci dəfə müstəqil olmaq şansı əldə etdi və bu şansdan yararlandı. Lakin yeni müstəqillik əldə etmiş ölkəmizin təbii sərvətləri və əlbəttə ki, ilk növbədə zəngin karbohidrogen ehtiyatları bir çox xarici qüvvələrin hədəfində idi. Bu sərvətlər üzərində nəzarəti ələ keçirmək üçün həmin qüvvələr dövlətimizi parçalamaq, xırda və zəif, özlərindən asılı vəziyyətdə olan marionet ölkələrə ayırmaq istiqamətində gərgin iş aparırdılar. Belə bir vəziyyətdə ölkənin rəhbərliyində naşı, səriştəsiz və ən əsası da öz xalqının və dövlətinin təəssübünü çəkməyən insanların olması da əlbəttə ki, düşmən qüvvələrin öz məqsədlərinə çatmalarına şərait yaradırdı. Məhz həmin qüvvələrin təhriki və dəstəyi ilə bir tərəfdən erməni qəsbkarları torpaqlarımızı işğal edir, digər tərəfdən şimal və cənub bölgələrində separatçılar özlərinə xanlıqlar yaratmaq məqsədilə artıq açıq-aşkar şəkildə hökumətə itaətsizlik göstərir və torpaq bölgüsü aparır, və nəhayət mərkəzi hakimiyyətin təmsilçiləri də bütün bu fəsadların qarşısını almaq üçün qəti addımlar atmaq əvəzinə, bu hakimiyyəti öz aralarında bölüşdürmək naminə xalqı vətəndaş müharibəsinə sürükləyirdilər. Faktiki olaraq, 1993-cü ilin yayında Azərbaycanı məhv edəcək bu müharibə demək olar ki, artıq başlamışdı. Lakin ən son anda, Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, bütün bu faciələrin qarşısını ala bilmək iqtidarında olan yeganə liderin, ulu öndər Heydər Əliyevin ölkədə hakimiyyətə dönməsinə nail ola bildi. Bu, xalqın və dövlətin həqiqi xilaskara ehtiyacı olduğu bir zamanda xalq tərəfindən verilmiş yeganə ən doğru və tarixi bir qərar idi. 

Əlbəttə ki, belə bir ziddiyyətli, gərgin və son dərəcə təhlükəli bir məqamda hakimiyyətə gəlmək təklifini qəbul etmək heç də hər siyasətçinin, dövlət xadiminin cürət edib ata biləcəyi bir addım deyildi. Lakin Azərbaycan xalqı da kimə müraciət etməli, kimi haraya çağırmalı olduğunu yaxşı bilirdi. Öz xalqını, öz dövlətini canından çox sevən Ulu Öndər bu çağırışa biganə qala bilməzdi. Beləliklə, bütün risklərə, hətta aşkar həyati təhlükəyə baxmayaraq, xalqın və dövlətin ən çətin günündə ulu öndər Heydər Əliyev Bakıya gəldi. Ulu öndərin bu gəlişi Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi yox olmaqdan xilas etdi. Xalqın müstəqil, firavan gələcəyə olan ümidləri yenidən canlanmağa başladı. Həmin il, 1993-cü ilin iyun ayının 15-i ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider xalq qarşısında çıxış edərək, Azərbaycanın gələcəyini müəyyən edəcək siyasi strategiyanın əsas prioritetləri barədə dolğun açıqlamalar verdi. Ulu Öndər ölkənin inkişafını və qüdrətlənməsini təmin edə biləcək yeganə doğru yolu - demokratik islahatlar yolunu, sərbəst iqtisadiyyat prinsiplərinin yaradılması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişaf etdirilməsi yolunu müəyyən etdi. Lakin bu yolu seçmək işin yalnız bir hissəsi idi. Bu yolu keçmək, həm də uğurla keçmək üçün hələ çox işlər görmək lazım idi. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində ölkədə qısa zaman ərzində demokratik inkişafı təmin edəcək önəmli qərarlar, qanunlar qəbul edildi, bazar iqtisadiyyatına keçid təmin olundu. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, həmçinin yerli və xarici sərmayə qoyuluşunun vüsətlənməsinə yol açdı. Müasir texnologiyalar və idarəetmə təcrübəsinin tətbiq olunduğu sənaye sahələrinin inkişafına güclü təkan verildi. Ulu Öndər ölkə iqtisadiyyatının keyfiyyətcə yeni, daha yüksək mərhələyə keçidində özəl sektorun rolunu düzgün dəyərləndirərək güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə şərait yaratdı. Əlbəttə ki, daxili siyasətin bütün uğurlarına baxmayaraq, heç bir ölkə beynəlxalq aləmdən təcrid olunmuş şəraitdə normal inkişaf edə bilməz. Qeyd olunmalıdır ki, 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə olan qüvvələrin səriştəsizliklərinin və bacarıqsızlıqlarının daha bir göstəricisi də məhz xarici siyasətdə yol verdikləri çeşidli kobud səhvlər idi. O dövrdəki iqtidar təmsilçilərinin seçdikləri özünütəcrid xətti nəticəsində Azərbaycanı dünyada nə tanıyan vardı, nə də haqq səsimizi eşidən. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin yayında hakimiyyətə qayıdışı ilə bu sahədə də əlbəttə ki, ciddi dönüş baş verdi. Ulu Öndər qısa bir zaman ərzində Azərbaycanın xarici siyasətini köklü şəkildə dəyişdirdi və milli mənafelərimizə uyğun olaraq yenidən qurdu. Bununla da ölkəmiz ətrafında formalaşmış son dərəcə gərgin beynəlxalq siyasi münasibətlərin normallaşmasına nail olundu. Əlbəttə ki, bu sahədə əldə olunan nailiyyətlərdə ümummilli lider Heydər Əliyevin beynəlxalq siyasi dairələrdə özünün şəxsən malik olduğu nüfuzu böyük rol oynadı. Dünyanın aparıcı siyasi və dövlət xadimləri ulu öndər Heydər Əliyevi hələ SSRİ kimi nəhəng bir dövlətin ən yüksək hakimiyyət dairələrində təmsil olunduğu vaxtlardan yaxşı tanıyır və Onun müdrik bir siyasətçi, mahir diplomat və təcrübəli dövlət xadimi olduğunu təsdiq edirdilər. Beləliklə, ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və ölkəmiz qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.

Nihad Pənahov,

YAP Tovuz rayon təşkilatının sədri

Xəbəri paylaş: