Bu gün saat 10 radələrindən 14 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Abbasqulu ağa Bakıxanov, Tbilisi, İnşaatçılar, Nəriman Nərimanov, Mehdi Hüseyn, Teymur Elçin, Niyazi, Neftçilər, Yusif Səfərov, Xətai, Heydər Əliyev, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Zığ şosesi (qismən), İstiqlaliyyət küçəsində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Rezonans.az-a bildirilib ki, hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə, eləcə də Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə və Mikayıl Əliyev küçəsinə keçməklə hərəkət edə bilərlər.
Şəhərin mərkəzinə doğru isə Mətbuat prospekti, Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil olmaq mümkündür.
Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsindən, Albalılıq yolundan Mərdəkan istiqamətinə keçməklə Qala dairəsindən Zığ şosesi istiqamətində hərəkət edə bilərlər.
Saat 11:00-dan 14:00-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri isə bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunacaq və paytaxtın Heydər Əliyev prospekti Zağulba yolu, Nərimanov, Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, eləcə də, Teymur Elçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dəniz kənarı, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov küçələri, həmçinin qismən İstiqlaliyyət küçəsini əhatə edəcək.
Sözügedən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.
Saat 10:00-15:00 arası bir sıra müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri və son dayanacaq məntəqələri dəyişdiriləcək.
Hərəkət sxemləri dəyişdirilən avtobus marşrutlarının siyahısı:
Məmmədli, Buzovna, Maştağa, Bilgəh, Nardaran, Ramana, Balaxanı qəsəbələri və Albalılıq, Savalan (139 nömrəli marşrut) yaşayış massivlərində fəaliyyət göstərən marşrut avtobusları Zabrat şosesindən Balaxanı yolu ilə “Ulduz” metro stansiyasınadək;
Badamdar, Lökbatan və Bayıl qəsəbələri, Yasamal Yaşayış Kompleksi, Yeni Yasamal yaşayış massivi, 9-cu mikrorayon, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhər mərkəzi istiqamətində fəaliyyət göstərən marşrut avtobusları “Elmlər Akademiyası” metro stansiyasınadək;
Sabunçu dəmiryol stansiyasından Bakıxanov qəsəbəsi və “Neftçilər” metro stansiyası istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Asif Əsədullayev və Yavər Əliyev küçələri ilə;
Ramana qəsəbəsindən və Sabunçu dəmiryol stansiyasından Qara Qarayev prospekti istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Balaxanı yolu ilə;
“Dərnəgül” metro stansiyasından Sabunçu dəmiryol stansiyasına fəaliyyət göstərən marşrut avtobusu Balaxanı yolu ilə;
“Dərnəgül” metro stansiyasından Badamdar qəsəbəsinə, həmçinin Yeni Yasamal yaşayış massivindən 7 saylı “ASAN Xidmət” mərkəzinə fəaliyyət göstərən marşrut avtobusları Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, Mərdanov qardaşları, Bakıxanov küçələri, əks istiqamətdə isə N.Yusifbəyli, S.Vurğun, H.Əliyev, Ş.Mehdiyev küçələri ilə hərəkət edəcək.
Bundan başqa COP29 konfransının baş tutacağı məkanları istiqamətində nəqliyyat hərəkətinin intensivləşəcəyi nəzərə alınaraq, bu ərazilərdə sıxlığı azaltmaq, sakinlər və qonaqlar üçün təhlükəsiz və səmərəli nəqliyyatı təmin etmək məqsədilə bəzi avtobus marşrutlarının son dayanacaq məntəqəsi dəyişdirilib.