Əsası Azərbaycanın qədim diyarı olan Naxçıvanda qoyulmuş Türk Dövlətləri Təşkilatının Naxçıvan Sazişinin bu il 15 ili tamam oldu. Təşkilatın yaradılmasında və inkişaf etdirilməsində Prezident cənab İlham Əliyev böyük xidmətlər göstərir.
Ölkə başçımızın təşəbbüsü ilə TDTnin Parlament Assambleyası, Ağsaqqallar Şurası, Gənclər və bir çox sahələrə aid komitələr yaradılmışdır. Görülən işlər eyni soykökə, ortaq tarixə, mədəniyyətə malik türkdilli xalqların birliyinə böyük töhfə verir.
Cari ilin noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində TDTnin Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirildi. Zirvə görüşündə çıxış edən Prezident cənab İlham Əliyev TDTnin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində böyük işlər görüldüyünü vurğuladı və təşkilatın daha da gücləndirilməsi üçün təkliflər irəli sürdü.
2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi təşkilata üzv dövlətlər arasında əməkdaşlığa böyük töhfə verməkdədir. Təşkilatın qarşıya qoyulan hədəflərinin həyata keçirilməsi üçün Azərbaycan hər zaman öz maliyyə dəstəyini əsirgəməmişdir. Bu məqsədlə Azərbaycan TDTnin katibliyinə 2 milyon, Ağsaqqal Şurasına 100 min ABŞ dolları məbləğində yardım etmişdir.
Bu gün dünyada gərgin geosiyasi vəziyyət hökm sürür. Dövlətlərin milli təhlükəsizliyi ön plana çıxmışdır. Çıxışında Prezident cənab İlham Əliyev müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. Ölkələrimizin silahlı qüvvələri birgə hərbi təlimlər keçirir, hərbi təhsil müəssisələrində müdavimlər təhsil alırlar. Bunlar da dövlətlərimizin, xalqlarımızın dostluğuna öz töhfəsini verir.
Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycanda Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə şaxələndirilmiş böyük nəqliyyat-logistika infrastrukturu yaradılmışdır. Şərqdən Qərbə və əks istiqamətdə Azərbaycan üzərindən daşınan yükdaşımaların həcmi hər il artmaqdadır. Bu da Azərbaycanla yanaşı TDT-yə üzv və müşahidəçi dövlətlərin iqtisadiyyatına böyük gəlirlər gətirir.
30 il işğal altında olan torpaqlarımız işğaldan azad edildikdən sonra qardaş ölkələr quruculuq və yenidən qurma işlərində də Azərbaycana böyük dəstək göstərirlər. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstan dövlət və hökumət başçıları azad edilmiş ərazilərimizdə məktəb və yaradıcılıq mərkəzləri tikib Azərbaycana hədiyyə ediblər. Bu qardaşlığın ən bariz nümunəsidir.
2023-cü ilin dekabrında 200-ə yaxın dövlət COP-29 kimi ən nüfuzlu və böyük konfransın Azərbaycanda keçirilməsinə yekdilliklə səs verdilər. Bu qərar Azərbaycanın, şəxsən Prezident cənab İlham Əliyevin dünyanın yaşıl enerjiyə keçidi istiqamətində gördüyü işlərə verilən böyük qiymətdir. Bir neçə gündən sonra Bakıda COP-29 konfransı keçiriləcək. Dünyanın 100-dən çox dövlət və hökumət başçıları da daxil olmaqla 70 minə yaxın qonaq ölkəmizə gələcək.
Bu tədbirdə də TDT-yə üzv qardaş dövlətlər ölkəmizə böyük dəstək olacaq.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor