Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib

img

Azərbaycan Prezidenti cənab İlham Əliyev iyunun 21-də Özbəkistana dövlət səfərinə gedib. Azərbaycan lideri sonuncu dəfə 2010-cu il sentyabrın 27-28-də bu ölkədə rəsmi səfərdə olub. Builki səfər isə əvvəlkilərdən fərqlənir. Çünki Azərbaycan torpaqlarını işğaldan azad etmiş, Cənubi Qafqazın aparıcı dövlət olduğunu bütün dünyaya bir daha sübut etmiş ölkənin lideri olaraq Özbəkistana gedib. İlham Əliyevin 12 ildən, xüsusilə müharibədən sonra məhz Özbəkistana səfər etməsinin də böyük əhəmiyyəti var. Bu, ötən illər ərzində qardaş dövlətin Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etməsinə verilən dəyərdir.

Prezident İlham Əliyev nümayəndə heyətləri arasında keçirilən görüşdə bu məsələyə də toxunaraq ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinə görə Özbəkistana ayrıca təşəkkürünü bildirib: “Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir”. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də bu vacib məsələni vurğulayıb: “Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi-qəlbdən təbrik edirəm”.

Aişə Novruzova 
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin məsləhətçisi

Xəbəri paylaş: