Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasi Azərbaycan cəmiyyətinin ən möhtəşəm, güclü siyasi təşkilati kimi özünü təsdiq edib.
Düz 32 il öncə tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”.
Qeyd edək ki, zaman hadisələrin düzgün təhlilində və dəyərləndirilməsində zəngin mənbə rolunu oynayır. 21 noyabr 1992-ci il tarixindən bizləri 32 illik zaman ayırır və 32 il bundan öncə yaşananlar Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirdi. Bu zərurəti şərtləndirən digər amil isə xalqın istəyi oldu. Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat liderlərinin bacarıqsızlığı, səriştəsizliyi, naşılığı ucbatından səriştəsiz qüvvələr öz antimilli, yəni milli maraqlardan uzaq siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhvolma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Vəziyyətin getdikcə ağırlaşdığı, yenicə qazanılmış müstəqilliyimizin məhv olmaq həddinə çatdığı bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Ulu öndər o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin hamısı bu müraciətə qoşulmaq arzusunda idi. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı “SƏS” qəzetində ümummilli liderimizə müraciət etdi. Ziyalılar öz müraciətlərində ölkədə anarxiya, xaos, özbaşınalıqların baş alıb getməsindən söhbət açır, əminliklə bildirirdilər ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz: «Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir”.
Hər zaman xalqının yanında olan, gecə-gündüz xalqı üçün çalışan Ümummilli Liderimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, onun sədri olmağa razılıq verdi. Lakin o zamankı hakimiyyət Heydər Əliyevin Bakıya gəlməsinə maneələr yaradırdı. Bu səbəbdəndə partiyanı yaratmaq istəyən bir qrup- 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə müvəffəq oldular.
Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla da ölkəmizin həyatında yeni və sürətli inkşaf dövrünün əsası qoyuldu.
Yeni Azərbaycan Partiyası ölkədəki siyasi ab-havanın ifadəsidir. Bu gün ölkədə hər hansı siyasi hadisə Yeni Azərbaycan Partiyasının iradəsindən kənarda mövcud ola bilməz. Yeni Azərbaycan Partiyasının fəaliyyəti, mövcudluğu Azərbaycanda sabitliyin təməl prinsiplərindəndir. Tutduğu yola sadiqliyinə əsaslanaraq bu fikri böyük inamla qeyd edirik ki, Yeni Azərbaycan Partiyasının şərəfli tarixi uzun illər davam edəcək. Bu tarixə yeni-yeni şanlı səhifələr yazılacaq. Azərbaycan xalqı uzun illər YAP-ın uğurlu fəaliyyətinin şahidi olacaq. Azərbaycan vətəndaşları 32 ilin uğurlarına əsaslaraq bu inamı da ifadə edirlər ki, YAP-ın fəaliyyəti Azərbaycanda sabitlik, əmin-amanlıq, tərəqqi, Azərbaycanın maraqlarının qətiyyətlə qorunması, müdafiəsi, ölkəmizin müasirləşməsi, yeniləşməsi, dünya birliyində özünə layiq yer tutması deməkdir.
Bütün bu uğurların təməlində ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dayandı. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməl sonrakı davamlı inkişafın əsasına çevrildi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası qarşıdakı illər üçün istiqamət oldu. 2003-cü ildə xalqın 76, 84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xalqımız, dövlətimiz qarşısında işlərin, göstərdiyi misilsiz xidmətlərin aydın ifadəsidir:
«Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.»
1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. Möhkəm təməl, xalqının, dövlətinin bu günü, gələcəyi üçün düşünən liderin olması böyük xoşbəxtlikdir. Azərbaycan xalqı bu xoşbəxtliyə layiq olduğunu həm yaşadığı gerçəklikləri ilə, həm də beynəlxalq qurumların hesabatlarında ən xoşbəxt ölkə imicini qazanması ilə yaşayır. Bu xoşbəxtliyi davamlı edən açar isə ulu öndər Heydər Əliyevin 2003-cü il prezident seçkiləri ərəfəsində xalqa müraciəti oldu. 1 oktyabr 2003-cü il müraciətində «Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var» söyləyən ulu öndər Heydər Əliyev bildirmişdir: «Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»
Populizmə deyil, reallıqlara yüksək dəyər verən xalqımız Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlar fonunda 2003-cü il 15 oktyabr prezident seçkilərində yüksək fəallıq nümayiş etdirib cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımızı şərtləndirdilər. Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi bu əminliyi bir daha yada salaq: «Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.»
Yenə də Prezident İlham Əliyevin mətbuata ilk müsahibəsini xatırlayaq. «Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz» sualına cənab İlham Əliyevin cavabı ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inkişaf edən Azərbaycanın gələcək inkişafının istiqaməti kimi dəyərləndirildi: «Gərək mən ümidləri doğruldam…Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm….Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.»
Ölkə Prezidenti İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı. Son 21 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıb. «Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik» söyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.
«Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.» 2003-cü ildə səsləndirilən proqram xarakterli bu fikirlər növbəti illərdə görüləcək işlərin aydın mənzərəsini yartdı. Dövlət başçısı İlham Əliyev bu reallıgı da qeyd etmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulub. Ölkənin iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək mümkündür. İqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Cənab İlham Əliyev «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək, bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. 2003-cü ildən ötən 21 ildə regionların, eyni zamanda, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 3 Dövlət Proqramının icrası başa çatıb, dördüncünün icrası davam edir. Hər bir sənəddə nəzərdə tutulan dövr ərzində görülən işlərin planı öz əksini tapır. Dövlət proqramlarının uğurlu icrasının nəticələri göz önündədir.
Əvvəldə də qeyd etdiyimiz kimi, məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ilin 20 sentyabrında «Əsrin müqaviləsi»nin imzalanması ilə beynəlxalq əməkdaşlığa açılan yol bu gün uğurla davam edir. «Əsrin müqaviləsi»nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyində, yəni 2017-ci ilin sentyabrında Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması da bunun bariz nümunəsidir. Azərbaycan bu gün təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanıb və beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirib. Ölkə Prezidenti İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bu inamı da ifadə etmişdir: « Gələcəkdə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni neft yataqları kəşf olunandan sonra, BTC neft kəməri istismara veriləndən sonra, əlbəttə, ölkəmizin imkanları daha da artacaqdır. Hər il Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir.»
Ulu öndər Heydər Əliyevin siyasi kursunun son 21 ildə uğurla davam etdirilməsi nəticəsində əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq cənab İlham Əliyevin bu fikirlərini xatırlayaq: «Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır... Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir.»
Azərbaycanın uğurlarında öz payı, rolu olan Yeni Azərbaycan Partiyası Zəfərin reallıqları fonunda VII qurultayını keçirdi.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 2021-ci il martın 5-də partiyanın keçirilən VII qurultayında çıxışı zamanı bir çox məsələlərə toxunaraq partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu bildirmişdir. Qurultayda yeni hədəfləri müəyyən edən Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkədir. Heç kim Azərbaycanla diktə dili ilə danışa bilməz. Azərbaycan indiyədək heç kimə hesabat verməyib, bundan sonra da bu siyasət davam etdiriləcək. Və VII qurultayının keçirilməsi də Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı oldu. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini ortaya çıxarmışdı. Beləliklə, yeni idarəetmə modelini tətbiq etməyin zamanı yetişmişdi. Bu baxımdan, VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə səbəb oldu. Beləliklə, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Belə ki, partiyanın Nizamnaməsi tələb və çağırışlarına uyğunlaşdırıldı.
Yeni Nizamnaməyə əsasən qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edildi. Həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edildi. VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edildi, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçildi. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olundu. 2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin ediləndə də bu meyarlar əsas götürülmüşdür. Bu kadr siyasəti zamanı 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olundu. Sədrlərin orta yaş həddi isə 59-dan 50-yə endi. Ötən üç ildə YAP-ın fəliyyətində diqqət çəkən məqamlardan biri də partiyanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi oldlu, bu da ölkənin xarici siyasətinin davamıdır. Digər əsas məqam isə, YAP-ın VII qurultayında qəbul edilən qərarlar Azərbaycan gəncliyinin ölkə və cəmiyyət həyatına daxil olan mütərəqqi yeniliklərin əsas mərkəzi qüvvəsi rolunda çıxış etməsi tendensiyasını da gücləndirdi. Azərbaycan gəncliyi tarix boyu ona olan ümidləri doğruldub, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Bu gün YAP üzvü olan, partiyada məsul vəzifələrdə çalışan gənclilərimiz qarşısında da böyük bir vəzifə var.
Şübhəsiz, 32 ilin uğurlarını, keçilən şərəfli yolu bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Amma əsas olan budur ki, Azərbaycan dövləti, hakim Yeni Azərbaycan Partiyası əldə edilən uğurlarla kifayətlənmir, daim irəli baxır. Buna əmin olmaq üçün partiyanın ölkədə keçirilən seçki proseslərinə hansı devizlərlə qatıldığını nəzərdə keçirmək kifayətdir. Vaxtilə «Yeni Azərbaycan uğrunda» devizini özünün əsas fəaliyyət proqramı elan edən Yeni Azərbaycan Partiyası bu gün Zəfərimizin diktə etdiyi vəzifələri uğurla həyata keçirmək üçün dəmir yumruq kimi birləşməyə çağırışlar edir.
Göründüyü kimi, tarixin bütün sınaqlarından şərəflə çıxan Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə uğurlarımıza bələdçilik etməklə dövrün, zamanın tələblərinə uyğun olaraq daim yeniləşməyə maraq göstərir, yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində bütün qüvvə və bacarığını birləşdirir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.
Hər bir Azərbaycan vətəndaşı Vətənini, xalqını sevən hər bir kəs Yeni Azərbaycan Partiyasını, Ulu Öndər Heydər Əliyevə və böyük rəhbərin sədaqətli davamçısı Prezidentimiz İlham Əliyevlə qürur duymağa haqlıdır. Belə bir gündə uğurlarımızla sevinməyə, öyünməyə dəyər.
Həbib MİSİROV,
YAP Kəlbəcər rayon təşkilatının sədri