25 yanvar tarixində Ermənistan Baş nazirinin İctimai Televiziyaya verdiyi müsahibədə guya regional eskalasiyaya rəvac vermək məqsədilə separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür.
Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı irəli sürdüyü iddialarla bağlı şərhində deyilir.
"Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib.
Ermənistan tərəfindən belə bir bəyanatın verilməsinin, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər əsəbi olduğunu nümayiş etdirdiyi aydındır.
Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistan Baş nazirinin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma "müstəqillik" münasibətilə təbrik etdiyini heç kim unutmayıb.
Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması, siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir", - A.Hacızadə bildirib.