Rusiyanın ölkəmizə qarşı apardığı arzuolunmaz SİYASƏT

img

"Prezident İlham Əliyevin xarici siyasətinin əsas prioritetlərindən biri bütün dövlətlərlə, o cümlədən qonşu ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu əsaslarla dostluq əlaqələrinin qurulmasıdır. Azərbaycan qonşu Rusiya Federasiyası ilə siyasi, iqtisadi, humanitar əlaqələrin qurulması və bu əlaqələrin inkişaf etdirilməsinə hər zaman sadiqlik nümayiş etdirib".
 
Bunu Rezonans.az-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva bildirib. O, təəssüflə qeyd edib ki, son günlər Rusiya Federasiyası tərəfindən dostluq əlaqələrinin pozulmasına xidmət edən hərəkətlərin şahid oluruq.
 
K.Əliyeva bildirib ki, Azərbaycana məxsus sərnişin təyyarəsini Qroznı üzərində raketlə vuraraq qəzaya uğramasına səbəb olan Rusiya məsuliyyətdən yayınmağa və Azərbaycanın haqlı tələblərinə məhəl qoymamağa davam edir. Onun sözlərinə görə, Rusiyanın bu cür davranması iki ölkə arasında münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb ola bilər:

"Əminəm ki, hər hansı bir dövlət müəyyən səbəbdən bu cür hadisə törətsəydi qarşı tərəfin reaksiyasından asılı olmayaraq üzərinə düşən məsuliyyəti qəbul edərdi. Hazırda Rusiya dövləti tərəfindən bu cür addımların atılmasına cəhdi görmürük. Əslində Rusiya bu hadisəni törədənləri məsuliyyətə cəlb etməli idi və qəzada həlak olanların ailə üzvlərinə və hadisədə zərər çəkənlərə kompensasiya ödəməli idi. Qazaxıstan qəza ilə bağlı yaydığı ilkin hesabatlarda təyyarəmizin Rusiyanın hava məkanında vurulduğunu və hava məkanını hadisədən təxminən 8 dəqiqə sonra bağladığı qeyd olunmuşdur. Bu qeyri-konstruktiv mövqedən sonra Azərbaycan dostluğun və bərabərhüquqlu hörmətin qarşılıqlı olması prinsipini əsas tutaraq Rusiya ilə bağlı həyata keçirdiyi güzəştlərə yenidən baxmalı oldu. Araşdırmalar zamanı məlum oldu ki, Bakıda fəaliyyət göstərən "Rus evi"nin fəaliyyəti üçün heç bir hüquqi əsas yoxdur və Rusiyanın agentura şəbəkəsi kimi fəaliyyət göstərir. Haqlı olaraq "Rus evi"nin fəaliyyəti ölkəmizdə dayandırılmışdır. Onu da qeyd etmək lazımdır ki, Rusiya tərəfi 2017-ci ildə qanuni fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmişdir. İki dövlət arasında dostluq münasibətləri bir birinin milli maraqlarını nəzərə almadan həyata keçiriləcəyi təqdirdə bu münasibətlərdə dərin çatlar yaranır".
 
Son günlər Rusiyada ölkəmizə qarşı hədə-qorxu, şantaj kampaniyasının genişləndirildiyini vurğulayan professor bildirib ki, bu çirkin kampaniyaya Kremlə yaxın KİV və hakim "yedinaya Rosiya" Partiyası deputatlarının da qoşulması Rusiyanın ölkəmizə qarşı apardığı arzuolunmaz siyasətin nümunəsidir:
 
"Rusiya Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin dövlətimizə və xalqımıza qarşı işlətdiyi təhqiramiz və təxribat xarakterli fikirləri bu insanın siyasi əxlaqsızlığından və etik davranışdan xəbəri olmadığının nümunəsidir. Azərbaycan Xarici İşlər Nazirliyi haqlı olaraq bu məxluqun ölkəmizə girişinə qadağa qoydu və onu "arzu olunmaz şəxslər" siyahısına daxil etdi. Dövlət Dumasının daha bir deputatı Andrey Pinçuk da Azərbaycana qarşı hədə-qorxu, eləcə də sərsəm fikirlər söyləmişdir. Deputat Rusiyadaki azərbaycanlılara məxsus şirkətlərin bağlanması və əmlaklarının müsadirə olunması təklifi ilə çıxış etmişdir. Bu Rusiyada şovinizmin, irqçiliyin dərin kök atmasından xəbər verir.

İstənilən dövlət və ya siyasətçi yaxşı bilməlidir ki, Azərbaycana qarşı yönəldilmiş istənilən təxribat xarakterli hərəkətlər cavabsız qalmayacaq".


Xəbəri paylaş: