
Mediasiya təcrübəsində qarşılaşılan ən böyük həqiqətlərdən biri odur ki, münaqişələr zamanı tərəflərin, yaxud da tərəflərin tərəflərinin eyni mədəni səviyyədə olmaması münaqişənin mediator vasitəsilə və ya tərəflərin özləri tərəfindən həllində böyük problem yaradır.
Bunu belə izah etmək olar ki, deyək ki, münaqişədə olan 2 tərəfdən biri kifayət qədər elmi, dünya görüşlü və böyük bir həyat təcrübəsinə malikdir. Amma digər tərəf ali təhsilli olsa belə, uşaqlıq dövrü travmalı, gəncliyi isə aşırı eqoistik və cahil bir ekosistemdə keçmişdir.
Bu münaqişədə birinci tərəf güzəştlərə getsə də təcrübə göstərir ki, ikinci tərəflər nəinki güzəştə gedir, natamam toksik eqosunu doldurmaq üçün münaqişənin həllinə deyil, daha da dərinləşməsinə və yeni münaqişə ocaqlarının yaradılmasına köklənir. Digər tərəf və ya tərəfləri də davamlı olaraq bu münaqişəyə cəlb edilməsinə hədəflənir.
Mediasiya proseslərinin öyrətdiyi həqiqətlərdən çıxış edərək demək olar ki, münaqişə tərəflərinin gərək İQ, mədəni səviyyələri də uyğun olsun. Mədəni səviyyə uyğunsuzluğu keyfiyyətsiz münaqişə mədəniyyətsizliyi yaradır.
Belə ki, əgər münaqişədə olan tərəflərin məsləhətçiləri və konsultantlarının da mədəni səviyyəsi məsləhət verdikləri tərəflərlə eyni səviyyədədirsə, o zaman məsələ daha da mürəkkəbləşir.
Deyək ki, A və B arasında bir mülki mübahisə var. A həddən ziyadə mədəni, kübar, dünya görüşlü, pozitiv, empati qurmağı bacaran biridir. B isə A-nın tam əksidir, neqativdir, eqoistdir, dünya görüşü və hadisələrə baxışı cahil səviyyəsindədir.
Nəzərə alsaq ki, A-nın münaqişənin həlli üzrə də məsləhətçisi o cür mədəni və kübardır, o zaman münaqişənin həlli üzrə bir çıxış yolu vardır. B-nin isə deyək ki, eqosu paltarına sığmır, mədəni və İQ səviyyəsi çox aşağıdır, eyni zamanda uşaqlıq və gəncliyi travmalı keçib
Əlbəttə ki, belə olan halda münaqişənin həlli mümkünsüzdür. Bəzən mediasiya prosesində də qeyd edilən məsələ budur ki, münaqişənin tərəflərinin iştirakı və öz qərarı ilə mediator vasitəsi ilə həlli dedikdə də tərəflər arasında məhz mədəni səviyyənin uyğunluğu ölçülə bilən olmalıdır.
Münaqişələrin dinc yolla həllində münaqişə mədəniyyəti də hüquq mədəniyyəti qədər önəmlidir.
Bir çox hallarda əlbəttə ki, hüquq mədəniyyətinin olmaması münaqişə mədəniyyətinə də çox mənfi təsir edir.
Ümumiyyətlə münaqişələr qaçılmazdır və münaqişənin özü-özlüyündə bir mədəniyyətdir.
Nadir Adilov
Mediasiya Şurasının sədri