
Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb.
Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü zamanı bildirib ki, Baş nazirin səfəri ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Prezident İlham Əliyevin ötən il Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb etdi. Səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirdi. Ötən il Bakıda təşkil olunan beynəlxalq iqlim sammiti - COP29 çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu. Hər iki tərəf qarşılıqlı səfərlərin intensivləşməsini və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsini vurğuladı. Həmçinin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının önəmi qeyd edildi. Ölkələrimiz arasında bu cür möhkəm münasibətlərin əsasını ortaq tarix, mədəni və dini dəyərlər təşkil edir. İllərdir Pakistan Hökuməti rəsmi Bakının mövqeyini ardıcıl və prinsipial şəkildə müdafiə edir, beynəlxalq arenada Azərbaycanın maraqlarını dəstəkləyən ölkələr sırasında yer alır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bu günlərdə Azərbaycana rəsmi səfəri münasibətlərimizin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi