Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları

img

Otuz il əvvəl ilk milli Konstitusiyanın qəbul olunması müasir tariximizə ən əhəmiyyətli hadisələrindən biri olaraq qızıl hərflərlə yazılmışdır. Dövlət müstəqilliyimizin bərpasından sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış ölkə Konstitusiyasının qəbul edilməsi müstəqillik illərinin ən əhəmiyyətli nailiyyətlərindən biri olmuşdur.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış hərc-mərclik, böhran şəraiti dövlət idarəçiliyi mexanizmlərinin formalaşdırılmasına, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin olunmasına ciddi şəkildə maneə yaradırdı. Mövcud şəraitdən əziyyət çəkən xalqımız öz xilasını, bu problemlərin həlli yolunu dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.

1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Liderin böyük xilaskarlıq missiyası nəticəsində ölkəmizdə cərəyan edən bütün təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin olundu və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.

Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı.

Böyük bir hissəsi məhz bilavasitə insan hüquq və azadlıqlarının təsbitinə və bu hüquq və azadlıqların müdafiəsinə həsr olunan Konstitusiyamız ölkəmizin demokratiya yolunda əmin addımlarla irəliləməsində dayanıqlı zəmin yaradır. Əsas Qanunun qəbulundan sonra respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində geniş, çoxşaxəli və kompleks islahatlar davamlı olaraq həyata keçirilməyə başlandı.

Aparılmış islahatların nəticəsi kimi, ədliyyə orqanları səmərəli dövlət strukturu kimi təşəkkül tapmış, ədliyyə sisteminin inkişafının əhəmiyyətli dönüş mərhələsi başlamışdır. Əsaslı ictimai-siyasi sabitliyin bərqərar edilməsindən sonra məhz Ümummilli Liderin fəaliyyəti sayəsində hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim xüsusi diqqət və qayğı göstərildi, ədliyyə orqanlarının cəmiyyətdəki rolu və əhəmiyyəti artmış və onların işinin təşkili üzrə zəruri tədbirlər görüldü.

Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində respublikamızda cərəyan etmiş böhran ölkə ərazisinin iyirmi faizinin işğal edilməsinə də səbəb olmuşdur. Torpaqlarımızın işğalı bir milyondan artıq soydaşımızın öz doğma torpaqlarından didərgin salınması, vətəndaşlarımızın fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələndi.

Lakin qürurverici haldır ki, otuzillik həsrət sona çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları zamanı əldə edilmiş tarixi Zəfər nəticəsində pozulmuş insan və vətəndaş hüquq və azadlıqları, xüsusilə də Əsas Qanunun hüquqi qüvvəsi işğaldan azad olunmuş torpaqlarımızda da tam bərpa edildi.

Uğurlu dövlətçilik strategiyasının müəllifi olan Ulu Öndərin siyasi kursunu müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən Əsas Qanunun aliliyinin təmini, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində qətiyyətli addımlar atılmaqdadır.

Məlum olduğu kimi, ölkə Prezidenti Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü nəzərə alınmaqla, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Sərəncam imzaladı.

Həmin Sərəncamda da qeyd olunduğu kimi, müasir dövrümüzdə respublikamız xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar fonunda müstəqil siyasətini daha cəsarətlə və prinsipiallıqla davam etdirir. Ölkəmiz Əsas Qanunun tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Müstəqilliyini bərpa etmiş xalqımız öz həyatına əhəmiyyətli dərəcədə təsir göstərmiş tarixi günlərin ildönümlərini daim xoş xatirələrlə və həmrəy olaraq qeyd edir. Böyük iftixarla vurğulanmalıdır ki, qürurla xatırladığımız həmin önəmli tarixlər artıq beş ildir sevinc və təntənə ilə qeyd olunur.

Təqdirəlayiq haldır ki, hazırda dövlətimizin başçısının fəal dəstəyi ilə yeni dövrün tələbləri və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla aparılan hüquqi islahatlar fonunda ədliyyə orqanlarının fəaliyyəti mütəmadi şəkildə təkmilləşdirilərək inkişaf etdirilir. Azərbaycanın hüquq-mühafizə sisteminin təkmilləşdirilməsi və beynəlxalq aləmdə qəbul olunmuş meyarlara uyğunlaşdırılması üzrə görülən işlər bilavasitə insan hüquqlarının daha effektiv təmininə, eləcə də müasir çağırışlara uyğun olaraq hüquq sisteminin inkişafına böyük töhfələr verir.

Əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən inkişaf strategiyası respublikamızda aparılan kompleks islahatların təzahürü olmaqla, Azərbaycanın hərtərəfli tərəqqisinə və xalqımızın rifahının yüksəldilməsinə xidmət edir. Əminliklə söyləmək olar ki, ədliyyə orqanlarının hər bir əməkdaşı xalqımızın Ümummilli Liderinin müəyyən etdiyi dövlətçilik ənənələrinə hər zaman sadiq qalacaq və Azərbaycanın inkişafı yönündə dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələr bundan sonra da yüksək əzmlə yerinə yetiriləcəkdir.


Ramazan Nəcəfov
Sədərək rayon qeydiyyat şöbəsinin rəisi ədliyyə müşaviri

Xəbəri paylaş: