
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının (“Kənd-Qida-İş”) növbədənkənar VII qurultayı keçirilib.
Rezonans.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Reqlamentə uyğun olaraq, qurultayın Rəyasət heyəti, Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib. Qurultayın gündəliyinə Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqına qoşulması barədə müraciətləri, Nizamnaməyə əlavə və dəyişikliklər, təşkilati məsələlər daxil edilib.
Gündəlikdəki məsələlərlə bağlı məlumat verən “Kənd-Qida-İş”in sədri Məmməd Həsənov müvafiq ittifaqların “Kənd-Qida-İş”ə qoşulması ilə idarəetmədə səmərəliliyin artacağını vurğulayıb. Bildirilib ki, bu struktur dəyişikliyi maliyyə və kadr resurslarının optimallaşdırılmasına, əlavə maliyyə mənbələrinin formalaşdırılmasına, oxşar sahələr üzrə üzvlərə vahid yanaşmanın tətbiqinə imkan yaradacaq.
Müzakirələrdən sonra üç ittifaqın “Kənd-Qida-İş”ə qoşulması və Nizamnamədə bir sıra dəyişikliklər səsə qoyularaq təsdiq edilib, qurumun adı “Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi” olaraq dəyişdirilib. Məmməd Həsənov sədr, Elvin Nəsibov sədrin birinci müavini, Fuad Məmmədov, Akif Məmmədov və Telman Quliyev sədrin müavinləri seçiliblər.
Qurultayda həmçinin ittifaqın məclis və təftiş komissiyasına üzvlər də seçilib.