TÜRKPA komissiyasının onuncu iclası keçirilib

img

Bişkek şəhərində Qırğız Respublikasının Joqorku Keneşinin təşkilatçılığı ilə Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının “TÜRKPA üzv dövlətlərinin Dayanıqlı İnkişaf Məqsədləri kontekstində ekoloji davamlılıq və yaşıl dünya üzrə əməkdaşlığı” mövzusunda 10-cu iclası keçirilib.

Rezonans.az xəbər verir ki, iclasda Milli Məclisinin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Heydər Əsədov, Milli Məclis Aparatının və TÜRKPA Katibliyinin məsul əməkdaşları iştirak edib. 

İclasa Komissiyanın sədri, Milli Məclisin Səhiyyə komitəsinin Əhliman Əmiraslanov sədrlik edib. 

Açılış mərasimində komissiyanın sədri Əhliman Əmiraslanov və komissiyanın digər üzvləri – onlayn formatda Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Duysenbay Turqanov, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Aysuluu Mamaşova, komissiyanın sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Zenbilci, Türkiyə Böyük Millət Məclisinin üzvü Kadim Durmaz və Baş katib Mehmet Süreyya Er çıxış ediblər. Çıxışlardan sonra komissiya üzvləri gündəlikdə duran məsələləri müzakirə edib. 

Komissiya iclasının əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə qərarları, habelə komissiya çərçivəsində hazırlanmış və TÜRKPA-nın Qazaxıstanda keçiriləcək 14-cü plenar iclasına təqdim ediləcək “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Model Qanun layihəsi müzakirə edilərək təsdiq edilib. Model qanun layihəsini Azərbaycan Respublikası Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təqdim edib. 

Komissiyanın növbəti 11-ci iclasının gələn il Türkiyədə keçirilməsi qərara alınıb.

Xəbəri paylaş: