
"Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin (AQDİM) İdarə Heyətinin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, “Aztibb.az” saytının baş redaktoru Nərgiz Qəhrəmanova AQDİM-in fəxri üzvü seçilib.
Səhiyyə Nazirliyindən Rezonans.az-a bildirilib ki, N.Qəhrəmanova irsi qan xəstəliyindən əziyyət çəkən insanlara və ümumilikdə qan donorluğunun inkişafında mütəmadi olaraq göstərdiyi diqqətə görə bu ada layiq görülüb.
Qeyd edək ki, AQDİM-in əsas məqsədi Azərbaycan Respublikasının dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda, Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Qurum, həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında maarifləndirmə işinin gücləndirilməsinə xidmət edir.
Qanvermə aksiyaları və təbliğat xarakterli tədbirlər "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.