
Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 9 aprel 2025-ci il tarixində Quba 1 saylı MT ilə birlikdə “Təhsil sektorunda mediasiya və münaqişə idarəetməsi” mövzusunda dəyirmi masa keçirilib.
Rezonans.az xəbər verir ki, tədbir çərçivəsində həmçinin Quba 1 saylı mediasiya təşkilatının rəhbəri Hümmət Əliyevin müəllifi olduğu “Birgə həll, davamlı nəticə: Mediasiyanın sirləri” adlı kitabının təqdimatı da baş tutub.Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı yolunda canını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə ərsəyə gələn mərasim strateji məsələlər üzrə məsləhətçisi s.f.d Sabir Şahtaxtının (Hacıyev) moderatorluğu ilə keçirilib.
Tədbirin məqsədləri barədə ümumi məlumat veriləndən sonra Hümmət Əliyev çıxışında mediasiyanın yaradılması, məqsədi, ölkədə və dünyada bu istiqamətdə görülən işlər haqqında danışıb. O, bu sahədə mediator olmaq istəyənlər və fəaliyyətdə olan mediatorlar üçün nəzərdə tutduğu, əyani vəsait kimi hazırlanmış “Birgə həll, davamlı nəticə: Mediasiyanın sirləri” adlı kitab haqqında məlumat verib. Bildirib ki, kitab gənc mediatorlar üçün əsl yol xəritəsidir.
Daha sonra filialın direktor müavini p.f.d Aysel Şeydayeva, şöbə müdirləri Seyid Cabbarov, p.f.d Pərvanə Rzayeva, Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova, r.f.d Nurbala Süleymanov çıxışlarında mövzu ətrafında fikir və düşüncələrini bölüşüb və kitabın əhəmiyyətindən danışıblar.
Həmçinin mediatora tələbələr tərəfindən suallar ünvanlanıb. Tədbirin sonunda Hümmət Əliyevin “Birgə həll, davamlı nəticə: Mediasiyanın sirləri” adlı kitabı filialın Kitabxana və elektron resurslar şöbəsinə hədiyyə edib. Şöbə müdiri Samirə Hacıyeva gənclərin maariflənməsi üçün kitabın faydalı olacağını vurğulayıb, müəllifə təşəkkür edib.
Sonda xatirə şəkli çəkdirilib.