
Hər zaman Azərbaycan – Gürcüstan münasibətləri regionda seçilmişdir. Hər iki ölkənin xalqları bir-biri ilə əsasən mehriban qonşu və etibarlı dost kimi yaşamışlar. Dünyanın hər bir regionunda olduğu kimi, burada da müəyyən mərhələlərdə anlaşılmazlıq da olmuşdur. Ancaq əsas odur ki, ən çətin və riskli mərhələlərdə belə Azərbaycanla Gürcüstan dövlət, cəmiyyət və xalq olaraq əməkdaşlığa, dostluğa və qarşılıqlı yardıma üstünlük vermişlər. Bu davranış bütövlükdə Qafqazda digərlərinə bir nümunə olaraq qalmaqdadır. Azərbaycanın qonşu Gürcüstanla münasibətləri tarixən xüsusi əhəmiyyət kəsb edib. Bakı həmişə Tbilisini özünə strateji tərəfdaş, dost ölkə sayıb. Bu iki xalq arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Bu ənənə hazırda da uğurla davam edir. Azərbaycan–Gürcüstan münasibətlərində mehriban qonşuluq və dostluq xətti üstün olmuşdur. Müstəqillik mərhələsində bu münasibətlər xüsusi məzmun və strateji məqsəd almışdır.
Bu gün Azərbaycan-Gürcüstan əlaqələri Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunmasında mühüm amillərdən biri olmaqla yanaşı, eyni zamanda da bütün Avrasiya məkanında daha böyük coğrafiyanı əhatə edən bir çox ölkələrin maraqlarına xidmət edən siyasi-iqtisadi faktor kimi çıxış edir. Məhz bu baxımdan ölkələrimiz arasında əlaqələrin Azərbaycan və gürcü xalqları arasında tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında qurulması xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu gün ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə qurulmasında Azərbaycan və Gürcastan rəhbərlərinin şəxsi səyləri müstəsna rol oynayır. Bu fakt öz əksini Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu vəzifəyə seçildikdən sonra ilk rəsmi səfərini məhz Azərbaycana etməsində də tapır. Aprelin 16-da Prezident Kavelaşvilinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanın və Gürcüstanın dövlət başçılarının mətbuata birgə bəyanatla etdikləri çıxışlarında da bu mühüm məqam xüsusi qeyd olunmuşdur. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidi ilə Azərbaycanda yenidən hakimiyyətə gələndən sonra Gürcüstanla əməkdaşlıq istiqamətinə ayrıca diqqət yetirdi və onun strateji əhəmiyyətini hər kəsə anlatdı. Onu vurğulayaq ki, iki ölkə arasında müstəqillik dövründə diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılmasına baxmayaraq, aktiv siyasi-diplomatik münasibətlər 1995-ci ildən başlanmışdır. Belə ki, həmin ilin fevral ayında Bakıda Gürcüstan səfirliyi və 1996-cı ilin mart ayında Tbilisidə (Heydər Əliyevin Gürcüstana ilk səfəri zamanı) Azərbaycan səfirliyi açılmışdır. Azərbaycanla Gürcüstan arasında münasibətlərin bu cür məzmun almasının təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Yəni müstəqillik mərhələsində də Azərbaycan dövləti Gürcüstana dost və əməkdaşlıq əlini uzatmışdır. Proseslər göstərdi ki, bu, sadəcə diplomatik jest deyildir, həm də Azərbaycanın ciddi surətdə reallaşdırdığı xarici siyasətin bir aspektidir. Konkret desək, Azərbaycan Respublikası davamlı surətdə Gürcüstanla əlaqələri bərabərhüquqluluq və mehriban qonşuluq şəraitində beynəlxalq hüquq normalarına uyğun münasibətləri inkişaf etdirmək kursunu seçmişdir. Və etibarlı surətdə bütün mərhələlərdə bu vədinə tam əməl etməkdədir. Azərbaycan Prezidentinin vurğuladığı kimi Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə mühüm töhfəsini verir. Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də hər iki ölkə üçün başlıca amil hesab edilir. Uzun illər ərzində Cənubi Qafqazın münaqişə, müharibə arenasına çevrilməsi fonunda hazırda regionda yeni bir dövrün başlayıb. Gürcüstan Prezidenti də iki dost, qonşu ölkə arasında olan əlaqələrə diqqət çəkib. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətlərinin uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bildirilib. Azərbaycanın Gürcüstanla ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verdiyi və əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlı olduğu vurğulanıb. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var, xalqlarımızı uzun əsrlərə söykənən tarixi bağlılıq da birləşdirir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələr iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının da inkişafını təmin etməkdədir. Eyni zamanda, Gürcüstanın enerji, nəqliyyat, infrastruktur, yanacaq, kommunikasiyalar və s. sahələrində inkişaf layihələri də Azərbaycanın maddi dəstəyi ilə həyata keçirilməkdədir. İnvestisiya sahəsində əməkdaşlığın yaxşı dinamikasının nəticəsidir ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələr sırasındadır. Hər iki ölkə qlobal əhəmiyyətli nəqliyyat dəhlizləri üzərindən aparılan yük daşınmalarının intensivliyini daha da artırmaq üçün infrastrukturları müasirləşdirir, o cümlədən nəqliyyat qovşaqlarını rəqəmsallaşdırır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması nəzərdə tutulur ki, bu da beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi fonunda Gürcüstanın beynəlxalq nəqliyyat qovşaqlarına çıxışını daha da asanlaşdıracaq. Yeni İpək Yolunun Orta Dəhlizində öz strateji mövqeyini artıran Azərbaycan nəqliyyat sistemlərinin ötürücülüyünün daha da güclənməsində və şaxələnməsində xüsusi təşəbbüskarlıq etməklə yanaşı, Gürcüstanın da Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində rolunu artıracaq. Nəticədə də bölgədə nəqliyyat-logistika zənciri daha da genişlənməklə, Cənubi Qafqazın hər iki ölkəsini inkişaf etmiş mərkəzə çevirəcək, Şərq və Qərb arasında geosiyasi mövqeyini gücləndirəcək. Azərbaycan və Gürcüstan münasibətləri çox dərin ənənələr üzərində qurulub. Tarixə nəzər yetirdikdə də görürük ki, xalqlarımız əsrlər boyu dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Əminliklə demək mümkündür ki, iki ölkə arasındakı əməkdaşlıq tarixi ənənələrə söykənir və dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Belə ki, Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Bu baxımdan Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır. Bu gün Azərbaycan-Gürcüstan münasibətləri yeni prioritetlər üzrə inkişaf edir. İki dost ölkənin çağırışları da, problemlər də eynidir. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyir və bir-birimizin yanındayıq. 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkələrdən biri də məhz Gürcüstan oldu. Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu, faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər. İki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün qonşu ölkənin xarici ticarət dövriyyəsində Azərbaycan ilk beşlikdə yer alır. Bu gün Cənubi Qafqazda sülhün və sabitliyin davamlı olmasına həm Gürcüstan, həm də Azərbaycan öz töhfələrini verirlər. Əlbəttə ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış çox mühüm bir addım da Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması olacaq. Öz bəyanatında Gürcüstan Prezidenti də ümid etdiyini bildirdi ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və bu, regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi