Azərbaycan-Gürcüstan dostluğu qarşılıqlı inam və siyasi həmrəylik nümunəsidir

img

Azərbaycan – Gürcüstan münasibətləri regionda seçilmişdir. Hər iki ölkənin xalqları bir-biri ilə əsasən mehriban qonşu və etibarlı dost kimi yaşamışlar. Dünyanın hər bir regionunda olduğu kimi, burada da müəyyən mərhələlərdə anlaşılmazlıq da olmuşdur. Ancaq əsas odur ki, ən çətin və riskli mərhələlərdə belə Azərbaycanla Gürcüstan dövlət, cəmiyyət və xalq olaraq əməkdaşlığa, dostluğa və qarşılıqlı yardıma üstünlük vermişlər. Bu davranış bütövlükdə Qafqazda digərlərinə bir nümunə olaraq qalmaqdadır. 

Azərbaycanın qonşu Gürcüstanla münasibətləri tarixən xüsusi əhəmiyyət kəsb edib. Bakı həmişə Tbilisini özünə strateji tərəfdaş, dost ölkə sayıb. Bu iki xalq arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Bu ənənə hazırda da uğurla davam edir.  Azərbaycan–Gürcüstan münasibətlərində mehriban qonşuluq və dostluq xətti üstün olmuşdur. Müstəqillik mərhələsində bu münasibətlər xüsusi məzmun və strateji məqsəd almışdır. Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və dövlət başçılarının mətbuata verdiyi bəyanatlar iki ölkə arasında münasibətlərin nə qədər dərin və strateji olduğunu bir daha nümayiş etdirir. Bu görüşlər zamanı tərəflər siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və gələcək perspektivlərini ətraflı müzakirə ediblər. Prezidentlərin bəyanatları, həmçinin qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan dostluq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edir. Azərbaycan və Gürcüstan bölgədə sülhün və sabitliyin təmin olunmasına töhfə verən əsas aktorlardır. İki ölkə arasında münasibətlər təkcə prezidentlər səviyyəsində deyil, baş nazirlər, xarici işlər nazirləri və parlamentlərarası platformalar vasitəsilə də daim inkişaf etdirilir. Hökumət və parlament üzvlərinin qarşılıqlı səfərləri, birgə hökumətlərarası komissiyalar, XİN-lərarası məsləhətləşmələr və dostluq qrupları bu əməkdaşlığın davamlılığını və dərinliyini təmin edir. Azərbaycan-Gürcüstan münasibətləri 119 sənədi əhatə edən geniş müqavilə-hüquq bazasına əsaslanır. Bu sənədlər tərəflər arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan münasibətlərin tənzimlənməsi üçün sabit hüquqi çərçivə yaradır. Bakı və Tbilisi həm də bu coğrafiyada sülhün, əmin-amanlığın bərqərar edilməsində maraqlıdır. Liderlərin verdiyi bəyanatlardan aydın oldu ki, hər iki ölkə  bundan sonra da əlaqələrin yüksələn xətlə inkişafına çalışır. 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi 

Xəbəri paylaş: