
Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur. 18-19 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhfə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 13-15 may 2015-ci il tarixlərində Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır.
Son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulmuşdur. Vyetnam Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq aktiv olaraq genişləndirilməkdədir. Həmçinin iki ölkə arasında qurulan parlamentlərarası əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Eyni zamanda hər iki ölkənin Nazirlik və digər qurumları arasında birbaşa əlaqələr qurulmuşdur. Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq yüksək səviyyədədir. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir. Prezident İlham Əliyev "Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsi ilə Azərbaycan-Vyetnam əməkdaşlığında yeni perspektivlərin anonsunu verdi. Azərbaycan-Vyetnam əməkdaşlığının tarixi haqqında danışan Ptezident İlham Əliyev Azərbaycanı ilə Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətlərinin birləşdirdiyini bildirdi. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin iki dövlət arasında münasibətlərdə yeni səhifə açdığını və onların gələcək inkişafına təkan verdiyini söyləyən dövlət başçımız 2014-cü ildə Vyetnams dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfərini xatırladaraq, bu səfərlərin iki dövlət arasında münasibətlərdə yeni səhifə açdığını və onların gələcək inkişafına təkan verdiyini vurğuladı. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Vyetnamla neft, energetika, sənaye, turizm, təhsil və mədəniyyət sahələrində geniş əməkdaşlıq potensialına malik olduğunu qeyd etdi. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə, Azərbaycan mütəxəssislərinin Vyetnam neft sənayesinin formalaşmasındakı rolu tarixi əməkdaşlığın mühüm göstəriciləridir. Azərbaycan–Vyetnam mədəni əlaqələri də mühüm önəm daşıyır. Azərbaycanlı bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsəri, rejissor Əjdər İbrahimovun Vyetnamda kino məktəbinin qurulmasında rolu, Bakıda “Əfsanə yaradanlar” filminin nümayişi və Vyetnam Günləri kimi təşəbbüslər ortaq humanitar dəyərlərin təcəssümüdür. Təhsil sahəsində də uzunmüddətli əməkdaşlıq mövcuddur. Sovet dövründə 5 minə yaxın vyetnamlı gəncin Azərbaycanda təhsil alması və onların bu gün yüksək dövlət vəzifələrində çalışması iki xalq arasında səmimi münasibətlərin nümunəsidir. Vyetnamda fəaliyyət göstərən Azərbaycan məzunları assosiasiyası bu əlaqələrin yaşamasına xidmət edir. Hələ sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlının təhsil aldığını, onların bir çoxunun hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutduğunu söyləyən Prezident İlham Əliyev, 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşdüyünü, onların ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdiklərini, 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təsis edildiyini açıqladı. Prezident bildirdi ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib. Azərbaycanla Vyetnam arasında münasibətlərin bütün əsas sahələr üzrə uğurla inkişaf etdiyini bir daha vurğulayan Prezident İlham Əliyev, Vyetnam lideri cənab Lamın səfərinin daha fəal əməkdaşlığa mühüm təkan olacağını, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacağını bildirdi. Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin yalnız keçmişə deyil, eyni zamanda gələcəyə də möhkəm əsaslandığını sübut edir. Bu münasibətlər dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq üzərində qurulub və proseslər göstərir ki, dostluq və strateji tərəfdaşlıq yeni dövrdə daha da inkişaf edəcək.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi