
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnamın rəsmi informasiya agentliyi olan “Vietnam News Agency”-ə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf xəttini müəyyən edən siyasi çərçivə kimi qiymətləndirilə bilər. Bu müsahibə nəinki konkret bir diplomatik hadisənin – Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana səfərinin öncəsi olaraq verilmiş rəsmi açıqlamadır, həm də geosiyasi baxımdan Cənub-Şərqi Asiyada və Xəzər regionunda yeni regional əməkdaşlıq imkanlarının təməlidir.
Azərbaycan–Vyetnam münasibətləri XX əsrin ortalarından etibarən qurulmağa başlamış və bu münasibətlərin əsasını qarşılıqlı hörmət, dəstək və dostluq təşkil etmişdir. İki ölkə arasındakı əməkdaşlıq təkcə ikitərəfli səviyyədə deyil, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam edir. Vyetnamın Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı mövqeyini dəstəkləməsi və ölkələrimizin Qoşulmama Hərəkatındakı birgə fəaliyyəti bu həmrəyliyin təzahürüdür. İlham Əliyev dövlətimiz üçün beynəlxalq hüququn aliliyi və ölkələrin suverenliyinin qorunması prinsipinin əsas olduğunu bildirərək, mübahisələrin sülh yolu ilə həllinin vacibliyini vurğuladı. Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri hərtərəfli və məhsuldar müzakirələrlə yadda qaldı. Bu səfər yalnız diplomatik münasibətlərin inkişafı deyil, həm də iqtisadi və siyasi əməkdaşlıqda real addımların atılması ilə xarakterizə olundu. Prezident İlham Əliyevin bəyanatında əksini tapan istiqamətlər, tərəflərin regional və qlobal kontekstdə oxşar geosiyasi baxışlara sahib olduğunu, həm də bu baxışların konkret əməkdaşlıq formatlarına çevrilməsi üçün iradə nümayiş etdirdiyini göstərdi. Bu səfər Azərbaycanın Asiya istiqamətində fəal diplomatik manevr imkanlarının genişlənməsinin növbəti nümunəsi kimi dəyərləndirilə bilər. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab Lamın ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanğıcıdır. Bu səfər siyasi dialoqdan tutmuş iqtisadi və mədəni mübadiləyə qədər bir çox istiqamətdə əməkdaşlığın gücləndirilməsinə təkan verəcək. Azərbaycan ilə Vyetnam arasında siyasi və iqtisadi əməkdaşlıq dinamik inkişaf edir və strateji istiqamətlər üzrə daha da genişlənir. Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri bu münasibətlərin yeni mərhələdə yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik yaradır. Prezident İlham Əliyev Vyetnam lideri cənab Lamın səfərinin daha fəal əməkdaşlığa mühüm təkan olacağını, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacağını diqqətə çatdırıb.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi