
Azərbaycan Xalq Cümhuriyyəti (AXC), 28 May 1918-ci ildə yaradılmış və Şərq dünyasında ilk demokratik respublika olaraq tarixə düşmüşdür. Bu, yalnız Azərbaycan xalqı üçün deyil, bütün müsəlman Şərqi üçün böyük bir tarixi nailiyyət idi. AXC-nin yaranması, milli suverenliyə doğru atılmış cəsarətli bir addım idi və regionda demokratik dəyərlərin inkişafına yol açdı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC Azərbaycanın siyasi-hüquqi tarixində silinməz iz qoydu. Milli parlament və hökumət quruldu, dövlət atributları qəbul edildi, ordu yaradıldı, təhsil və mədəniyyət sahəsində islahatlara başlanıldı, xarici əlaqələr quruldu və beynəlxalq tanınma istiqamətində mühüm addımlar atıldı. Milli Ordunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad etməsi xalqın öz torpaqlarını müdafiə etmək iradəsini nümayiş etdirdi. Qəbul edilən qanunvericilik aktları isə ölkənin hüquqi, sosial və iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırdı. 28 May – Azərbaycanın müstəqillik günü, yalnız keçmişə baxış deyil, eyni zamanda gələcəyə doğru atılan addımların motivasiyasıdır. Azərbaycan Xalq Cümhuriyyətinin mirası, bugünkü müstəqil və güclü Azərbaycanın təməl daşıdır. Bu tarixi gün, milli birlik və dövlətçilik ideallarımızı daha da möhkəmləndirir. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan öz geosiyasi mövqeyindən səmərəli istifadə edərək beynəlxalq enerji və nəqliyyat layihələrinə qoşuldu, regionun lider dövlətlərindən birinə çevrildi. Milli dövlətçiliyin əsas sütunları möhkəmləndirildi, azərbaycançılıq ideologiyası dövlət siyasətinin əsas istiqamətinə çevrildi, milli-mənəvi dəyərlərə və tarixə bağlılıq ön plana çəkildi. Ulu Öndərin təşəbbüsü ilə atılmış ən rəmzi addımlardan biri də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında bu bayraq muxtar respublikanın rəsmi simvolu kimi qəbul edildi. Bu, sovet rejiminin hələ mövcud olduğu bir vaxtda verilmiş cəsarətli və tarixi qərar idi. Həmin qərar Azərbaycanın müstəqilliyə aparan yolunun ideoloji əsasını qoydu və milli dirçəlişin rəmzinə çevrildi. 28 May Müstəqillik Günü Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin simvoludur. Azərbaycan Xalq Cümhuriyyəti, Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət kimi, xalqımızın qabaqcıl düşüncə tərzini və dövlətçilik ənənələrini dünyaya nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu miras müasir Azərbaycanda daha da möhkəmləndi.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi