
Son 30 ildə “Xəzər Neft və Qaz” sərgisi 80 ölkədən 9 mindən çox şirkəti cəlb edib. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Ekspozisiyanın 70 faizini xarici şirkətlər təmsil edir ki, onların da yarıdan çoxu Bakı sərgisində müntəzəm iştirak edən dünyanın ən böyük enerji şirkətləridir. Ümumilikdə bu il sərgidə 39 ölkədən 267 şirkət iştirak edir. Onların arasında Böyük Britaniya, Macarıstan, Gürcüstan, Avstriya, İsrail, İtaliya, Qazaxıstan, Çin, BƏƏ, Rusiya, Sinqapur, ABŞ, Türkiyə, Almaniya, Ukrayna və s.
Hər şey 1994-cü ilin may ayında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda ilk “Xəzər Neft və Qaz” sərgi və konfransının keçirildiyi vaxtdan başlayıb. Tədbir regionun enerji xəritəsini müəyyən edən və Azərbaycanın uğurlu iqtisadi inkişafı üçün zəmin yaradan tarixi sənəd olan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində baş tutdu. O zaman ilk sərgiyə 12 ölkədən 150 şirkət qatılmışdı ki, bu da müharibədən yeni çıxmış, torpaqları işğal olunmuş, iqtisadiyyatı bərbad, min faiz inflyasiya, çətin xarici siyasət mühiti olan bir ölkə üçün kiçik rəqəm deyil. Bu onu göstərirdi ki, tərəfdaşlar Azərbaycanla əməkdaşlıq perspektivləri görürlər. İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, ölkəmizin enerji siyasəti milli maraqlara əsaslanan uzaqgörən strateji xətt üzərində qurulmuşdur və bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı kimi çıxış edir. Azərbaycan 30-cu dəfədir ki, dünyanın hər yerindən neft sənayesinin liderlərini bir araya gətirir. Planeti bürümüş dekarbonizasiya uğrunda mübarizəyə baxmayaraq, sərgi bir daha sübut etdi ki, qalıq yanacaqlar aktual olaraq qalır və enerji təhlükəsizliyi mövzusu ilə ayrılmaz şəkildə bağlıdır. Dünya hələ neft və qazdan imtina etməyə hazır deyil və prosesi sürətləndirmək cəhdləri heç kimə lazım olmayan enerji böhranına səbəb ola bilər. Və bunu yaşıl keçid ideoloqlarının özləridə etiraf edirlər. Tədbirin rəsmi açılış mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd etdi ki, 31 il bundan öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş ilk sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bundan sonra Azərbaycan tərəqqi və sabitlik yoluna qədəm qoydu, dünya birliyinə bərabərhüquqlu üzv kimi inteqrasiyasına başladı. Əlbəttə ki, bütün bunlar Ümummilli Lider Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Məhz vaxtında atılmış həmin müdrik addımın nəticəsidir ki, bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik olan, insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatıran bir ölkəyə çevrilmişdir. Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini getdikcə artırır. Çünki, enerji, neft və qaz bundan sonra da hələ uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Öz çıxışında Dövlət Başçısı onu da xüsusi vurğuladı ki, bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir. Yubiley tədbirinin açılış mərasimində “Enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir” söyləyən cənab İlham Əliyev bildirdi ki, bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir. Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək. Cənab İlham Əliyevin çıxışlarında bu mühüm məqam xüsusi qeyd edilir ki, enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir. Enerji təhlükəsizliyini gücləndirməyə, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlməyə dəstək olmaq üçün hər birimiz vahid komanda kimi çalışırıq. Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi qəbul edilir. Təkcə son illərdə Azərbaycanın enerji diplomatiyasının uğurlarına diqqət yetirmək kifayətdir. Ölkəmizin hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi dayanıqlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan yalnız neft, qaz deyil, elektrik enerjisi ixracatçısı kimi nüfuz qazanır. Bərpaolunan enerji sahəsində əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanlar mövcuddur. COP29 iqlim konfransı bu imkanları təqdim etdi. Göründüyü kimi bu gün enerji siyasəti artıq sadəcə resurs deyil, həm də strateji və mənəvi məsuliyyətdir. Bu gün beynəlxalq aləmdə sözü imzası qədər dəyərli olan, etibarlı bir tərfdaş kimi qəbul edilən Azərbaycan isə bu məsuliyyəti üzərinə götürən, ona sadiq qalan və onu qlobal platformalarda uğurla təqdim edən bir dövlətdir. Bəli, bu yol yaşıl enerjiyə, ədalətli enerji bölüşdürülməsinə və beynəlxalq etimada aparan yoldur. Bu yolun önündə müstəqil, suveren, güclü, qüdrətli Azərbaycan var. Əminliklə söyləmək olar ki, bütün bunların fonunda Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan etibarlı bir tərəfdaş kimi bundan sonra da yeni-yeni uğurlara imza atacaqdır. Ölkəmizin enerji siyasəti bu gün bütöv bir regionun iqtisadi inkişafını, təhlükəsizliyini və sabitliyini təmin edən strateji amilə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün yalnız hasilatçı və tranzit ölkə deyil, eyni zamanda etibarlı tərəfdaş, beynəlxalq təşəbbüslərin müəllifi və icraçısı kimi çıxış edir. Bu da sübut edir ki, Azərbaycan enerji siyasəti milli maraqlar əsasında formalaşan, dayanıqlı və inklüziv inkişafı təmin edən uğurlu modeldir. Möhtərəm Prezident İlham Əliyevin bu çıxışı həm retrospektiv baxışla tarixi uğurları xatırlatdı, həm də aydın gələcək vizyonu ilə Azərbaycanın enerji strategiyasının davamlılığını təmin etdi. Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin davamı olaraq bu siyasət, Azərbaycanın həm enerji, həm də geosiyasi məkanda sabit və güclü aktor kimi mövqeyini möhkəmləndirir.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi