Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsi kimi dəyərləndirilir

img

15 iyun 2021-ci ildə dünyaya səs salan Şuşa Bəyannaməsinin imzalanmasından dörd il keçir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağın tacı Şuşanın şahidliyi ilə imzaladıqları bu sənəd iki dost, qardaş ölkənin münasibətlərinin dünəninə baxış əsasında gələcəklə bağlı yeni hədəflərin müəyyənləşdirilməsi oldu. Tarixi Zəfərimizdən sonra Türkiyə Prezidentinin azad Qarabağa ilk səfərində belə bir mühüm sənədin imzalanması qardaşlığın nümunəsi kimi dəyərləndirildi. Şuşa Bəyannaməsi göstərdi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə tarixi və mədəni bağlara deyil, eyni zamanda beynəlxalq hüquq və hərbi-siyasi müstəvidə qarşılıqlı maraqlara əsaslanır. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir.

Qalib ölkəmizin Qalib Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisi və regionun təhlükəsizliyinin zəmanəti idi. Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki qardaş dövlətin siyasi-hərbi müttəfiqliyini yeni mərhələyə yüksəltdi. Bu baxımdan iyunun 15-i xalqımız üçün həm də Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərində yeni dövrün başlandığı tarix kimi əlamətdardır. Azərbaycanla Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsi hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki müttəfiqlik, əlaqələrin genişləndirilməsi, imkan və potensiallarının birləşdirilməsini nəzərdə tutur. Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin bütün sahələr üzrə davamlı inkişafının təmini olmaqla yanaşı, iki qardaş ölkə arasında tarixi münasibətləri daha yüksək səviyyəyə ucaltdı.   Şuşa Bəyannaməsi bütövlükdə Cənubi Qafqazın yeni təhlükəsizlik konsepsiyası kimi də qiymətləndirilə bilər, çünki regionda Azərbaycan və Türkiyə müttəfiqliyi prosesləri tam nəzarətdə saxlamağa, ədalətli məcraya yönəldərək inkişaf etdirməyə qadirdir. “Bir millət, iki dövlət” şüarı ilə regionun və dünyanın ən aparıcı söz sahibi olan ölkələrindən olan Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə xidmət edir. Bəyannamədə nəzərdə tutulan enerji və nəqliyyat sahəsində əməkdaşlıq müddəaları isə daha geniş coğrafi miqyasda – Türk dünyası və Avrasiya məkanında iqtisadi və kommunikasiya əlaqələrinin dərinləşdirilməsi məqsədi daşıyır. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan və Türkiyə arasında fasiləsiz quru bağlantısının yaradılması təkcə ikitərəfli deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərini sürətləndirəcək. Bu faktorlar Çinlə Avropa arasında Orta Dəhliz üzərində nəqliyyat və ticarət dövriyyəsinin artmasına təkan verəcək, həmçinin Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcəkdir. Həmin dəhliz geoiqtisadi rəqabət müstəvisində də regionun strateji dəyərini artırır və enerji təchizatı xəritəsinin şaxələndirilməsində açar rolunu oynayır.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: