Tarixə, mədəniyyətə və ortaq köklərə söykənən sənəd

img

Şuşa Bəyannaməsi Azərbaycan üçün vacib bir gündə – 15 iyun Milli Qurtuluş Günündə iki dost və qardaş dövlətlər arasında imzalanan müttəfiqlikdir. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır.

Şuşa Bəyannaməsi tarixə, mədəniyyətə və ortaq köklərə söykənən bir baxışın hüquqi və siyasi ifadəsidir. İki dövlətin liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd, əslində, bir əsrdən artıq davam edən dostluğun, dəfələrlə sınaqdan çıxmış qardaşlığın və zamanın sərt küləklərinə davam gətirən müttəfiqliyin zirvədəki təsdiqidir. Bu, yalnız siyasi maraqların deyil, milli mənsubiyyətin, mədəni birliyin və geosiyasi məsuliyyətin bəyanıdır. Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi. Bundan başqa, bəyannamənin Şuşadan açıq bəyanı özlüyündə bir neçə dolayı mesaj da daşıyır. Şuşadan bəyan edildi ki, Azərbaycan və Türkiyə dövlətləri beynəlxalq hüququ əsas tutmaqla öz diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərini daha da inkişaf etdirəcək, müstəqil dövlətlər olaraq fəaliyyətlərini maksimum uzlaşdıracaqlar. Şuşa Bəyannaməsi tarixə, mədəniyyətə və ortaq köklərə söykənən bir baxışın hüquqi və siyasi ifadəsidir. Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajı olan, həmçinin ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı. 2021-ci il iyun ayının 15-i müstəqil Azərbaycanın tarixində əlamətdar gün kimi qalacaqdır.

Kamran Qasımov

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: