
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında mühüm dəyişikliklər baş verdi. Onun müdrik rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Sovetlər Birliyi tərkibində olmasına baxmayaraq, bir çox sahələrdə – o cümlədən hərbi quruculuqda ciddi irəliləyişlərə nail oldu. Məhz Ulu Öndərin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanmış, milli zabitlər korpusunun formalaşması istiqamətində mühüm addımlar atılmışdır.
1960-cı illərin sonlarında Azərbaycanın hərbi sahədə zəif təmsil olunması, xüsusən də azərbaycanlı hərbi kadrların çatışmazlığı ciddi problem idi. Sovet ordusunda yüksək vəzifə tutan azərbaycanlılar demək olar ki, yox idi. Heydər Əliyev bu boşluğu dərindən analiz edərək məsələni milli təhlükəsizlik və strateji inkişaf kontekstində qiymətləndirdi. Onun təşəbbüsü ilə Azərbaycan gənclərinin keçmiş SSRİ-nin qabaqcıl hərbi təhsil müəssisələrinə göndərilməsi təmin edildi. Gənclər Rusiyada, Ukraynada, Belorusiyada yerləşən ali hərbi məktəblərdə təhsil almağa başladılar. Bu, gələcəkdə Azərbaycanın öz zabitlər korpusunu formalaşdırması üçün baza rolunu oynadı. Ulu Öndərin ən böyük təşəbbüslərindən biri də Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin yaradılması oldu. 1971-ci ildə əsası qoyulan bu tədris ocağı Azərbaycan gənclərinin öz doğma vətənlərində yüksək səviyyəli hərbi təhsil almalarına imkan yaratdı. Həmin məktəbdə təkcə azərbaycanlılar deyil, SSRİ-nin digər respublikalarından olan gənclər də təhsil alırdı. Lakin əsas məqsəd azərbaycanlı hərbi kadrların sistemli şəkildə hazırlanması idi. Bu məktəbin məzunları sonradan müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin əsasını təşkil edən peşəkar zabitlərə çevrildilər. Hətta 44 günlük Vətən müharibəsində iştirak etmiş bəzi yüksək rütbəli komandirlər də həmin məktəbin yetirmələridir. Ulu Öndər təkcə hərbi təhsil deyil, həm də gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasına böyük önəm verirdi. O, Azərbaycan gənclərinin vətənə sadiq, intizamlı, bilikli və cəsarətli vətəndaşlar kimi yetişməsi üçün ideoloji və təşkilati əsaslar formalaşdırdı. Məktəblərdə hərbi hazırlıq dərsləri gücləndirildi, hərbi-idman oyunları genişləndirildi, orduya hörmət və bağlılıq təbliğ edildi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Bu mərhələdə hərbi kadrların çatışmazlığı ciddi təhlükə doğururdu. Lakin onun sovet dövründə atdığı strateji addımlar sayəsində artıq yüzlərlə peşəkar azərbaycanlı zabit mövcud idi və bu kadr potensialı gənc dövlətin ordusunun qurulmasında mühüm rol oynadı. Ulu Öndər öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, güclü dövlət güclü orduya əsaslanır. Onun təşəbbüsü ilə 1994-cü ildən Azərbaycanda ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Bu gün Azərbaycan Ordusunun güclü, peşəkar və döyüşə hazır olması heç də təsadüf deyil. Bu, uzun illər ərzində əsaslı şəkildə qurulan və Heydər Əliyev siyasətinin əsas dayaqlarından biri olan hərbi kadr hazırlığı siyasətinin bəhrəsidir. Vətən müharibəsində qazanılan tarixi Zəfər də bu təməlin üzərində yüksəlmiş Silahlı Qüvvələrin şanlı nəticəsidir. Ulu Öndər Heydər Əliyevin milli ordu quruculuğu sahəsində qoyduğu təməl bu gün Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin və gələcəyinin əsas sütunlarından biridir.
Kamran Qasımov
YAP Tovuz rayon təşkilatının məsləhətçisi