Hər il 26 iyun tarixi Azərbaycanda böyük qürur və iftixarla – Silahlı Qüvvələr Günü kimi qeyd olunur

img

Silahlı Qüvvələrimizin əsası 1918-ci ilin 26 iyununda Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdur. Həmin gün Cümhuriyyət hökuməti ordu quruculuğu haqqında qərar qəbul etmiş, ilk müntəzəm ordu birləşmələri yaradılmışdır. Cəmi 23 ay mövcud olan AXC, hərbi quruculuq sahəsində mühüm addımlar atmış, ölkənin suverenliyini qorumaq üçün ordusunu formalaşdırmağa başlamışdı. Lakin Sovet işğalı bu prosesi yarımçıq qoydu.

Silahlı Qüvvələr Günü yalnız ordunun gücünü nümayiş etdirmək deyil, həm də gənc nəslə vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir. Təhsil müəssisələrində keçirilən tədbirlər, hərbi-vətənpərvərlik mövzusunda seminarlar, muzey ziyarətləri və görüşlər gəncləri milli ruhda tərbiyə etməyə xidmət edir. Bu gün Azərbaycan Ordusu yalnız hərbi güc simvolu deyil, həm də xalqın güvənc yeri, dövlətin qüdrətinin təcəssümüdür. Uğurlu islahatların, mütəşəkkil strategiyanın və uzaqgörən liderliyin nəticəsi olaraq bu gün ordumuz Cənubi Qafqazın ən güclü hərbi qüvvəsi hesab olunur. Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Yalnız dahi  Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra respublikamızda bütün digər sahələrdə olduğu kimi, hərbi quruculuq istiqamətində də mütərəqqi inkişaf meyilləri formalaşdı, ölkənin gələcəkdə hərbi qüdrətinin daha da möhkəmlənməsi və müstəqil fəaliyyəti üçün əsaslı zəmin yarandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir tələblərə cavab verən, yüksək peşəkarlığa malik, döyüş qabiliyyətli və vətənpərvərlik ruhunda formalaşan bir qüvvəyə çevrilmişdir. Azərbaycan əsgəri bu gün yalnız silahı ilə deyil, ruhu ilə də güclüdür. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu qazanılan hərbi uğurlar da aydın surətdə təsdiqləyir. Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Ordunun modernləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Silahlı Qüvvələrin döyüş hazırlığının artırılması, müasir texnologiyalarla təchiz olunması və peşəkar kadrların yetişdirilməsi üçün hər il milyonlarla vəsait ayrılır. Orduda tətbiq olunan yüksək texnologiyalı silah sistemləri, pilotsuz uçuş aparatları, artilleriya qurğuları və müasir idarəetmə sistemləri müdafiə qabiliyyətimizi daha da möhkəmləndirib.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: