
Ucsuz - bucaqsız Vətənimizin hər daşı, kəsəyi, tarixi abidələri, meşələri, güllü-çiçəkli dağları, yamacları, yalçın qayaları, dənizi, gölü, bulağı, mineral yataqları, bütün təbiəti, maddi-mənəvi sərvətləri, adət-ənənələri, bir sözlə, bütün sərvətləri gözəl və əzizdir. Belə gözəl sərvətləri və füsunkarlığı ilə respublikamızın tacı olan bölgələrimizdən biri də Kəlbəcər rayonudur. Bu bölgə öz füsunkar və ecazkar, misli görünməyən təbiətə, yeraltı və yerüstü sərvətlərlə zəngin olduğuna görə dünyada məşhurdur. Belə sərvətlərə gözəllik qatan, onu daha da saflaşdıran, billurlaşdıran, söz sənətinin qüdrəti ilə dillər əzbəri edən, tarixləşdirən dəyərli və yaddaşlarda qalan insanları olmuşdur . Uca dağların əzəməti, qüdrəti uzaqdan daha açıq duyulur. Kəlbəcərin Dəlidağ, Murovdağı, Keyti, Laçın qayası, Qamışlı dağ silsilələri və qaya üstə olan Kəlbəcər şəhəri kimi, yaxşı xeyirxah, el dərdi çəkən, elin qayğısına qalan, qurub yaradan, yaradıcılığı ilə tarixlərdə yaşayan insanları da həmin uca dağlar kimidir. Belə insanlardan biri haqqında- XX əsrin 40-50-ci illərində Kəlbəcər ədəbi mühitinin yetişdirmələrindən olan Qara Ələsgərovun yaradıcılığından, onun söz bağçasından danışmaq istəyirəm. O, öz zəmanəsinin və özündən əvvəl Kəlbəcər ədəbi mühitinin söz xiridarları Aşıq Ələsgər, şair Qurbani, Aşıq Şəmşir çeşmələrindən su içən və yaşadığı zəmanənin çətinliklərini görə-görə öz fitri istedadına sığınaraq şərəfli bir yaradıcılıq yolu keçmişdir.
“Yaralı” təxəllüsü ilə yaradıcılığa başlayan Qara Ələsgərovun yaradıcılığı lirik qoşmalar, təcnis və bağlamalar, ustadnamələr, nəsihətlər, deyişmələr, satirik şeirlər və məhəbbət mövzuları ilə bağlıdır. O, hər bir şeirində yeni fikir söyləməyi, düşündürücü bir ideyanın qalibi olduğunu oxucusuna çatdıran bir şair kimi oxucunun qəlbinə yol açır.
Uşaqlıq dövrümdən yaxşı tanıdığım, ailəmizə, ana nəslimizə çox yaxın olan, Kəlbəcərin tanınmış ziyalılarından və uzun illər dövlət vəzifələrində çalışmış gözəl xasiyyətə malik qayğıkeş, prinsipal, ötkəm sözlü, qohumcanlı, təəssübkeş, ailə və övladcanlı və sair təbiətli Qara Ələsgərovdan söz açmaq istəyirəm. O, Kəlbəcərin Zülfüqarlı kəndində anadan olmuşdur. Ana babam kəndin varlı mülk sahibi Həbib kişinin əmisi nəvəsi və Firəngiz adlı xalamın həyat yoldaşı olmuşdur.
O, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş, ayağından aldığı güllə yarası dünyasını dəyişənə qədər onu incitmiş, dəfələrlə güllə yarasının fəsadından əməliyyat olmuşdur. Müəllimlər İnstitutunu bitirmişdir. Əvvəlcə Kəlbəcərdə müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Dörd uşaq atası ola-ola əyani Ali Partiya Məktəbini bitirərək Kəlbəcər rayon Partiya və İcraiyyə Komitəsində məsul vəzifələrdə o dövrün insanı kimi vicdanla xalqa xidmət etmişdir. İşlədiyi müəssisələrdə həmişə xalqın mənafeyini qorumuşdur. El dərdi çəkmiş, el dərdi ilə qovrulmuşdur. Sonralar isə məktəb direktoru, kolxoz sədri və Kəlbəcər rayon Təminat Şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Qara müəllimin nə qədər mehriban, mülayim, qayğıkeş xasiyyəti var idisə, bir o qədər də sərt, prinsipial xarakterli idi. Düzgünlük, insanların üzünə alnıaçıq baxmaq və baş ucalığı onun həyat prinsipi idi. Uşaqlıqdan keçdiyi çətin həyat tərzi, aldığı təhsil və xidmət etdiyi dövlət qulluğundan qazandığı təcrübə onu gözütox, insanlara ləyaqətlə xidmət etmək kimi tərbiyə etmişdir.
Yuxarıda qeyd etdiyim kimi, Qara müəllim xalamın yoldaşı idi. O dövrlərdə bazar günləri həmişə saat 14:00 –da bir saatlıq “Muğamat” konserti radio vasitəsi ilə verilirdi. Rayonlarda radio vasitəsilə verilən “Muğamat” konsertini bütün ailələr səbirsizliklə gözləyirdilər. Radioda həmin veriliş başlayanda Qara müəllim çarpayıda uzanaraq şapkasını da gözünün üstünə çəkərək axıra qədər “Muğamat” konsertini dinləyərdi. Biz uşaqlar da sakitcə həm ona baxar, həm də başa düşdüyümüz qədər radionu dinləyərdik.
Ali məktəbdə oxuduğum illərdə Qara Ələsgərovun “Muğamat” şeirini dərindən oxuyaraq, təhlil edərkən xalqımızın əsrlərdən bəri bizə miras qoyduğu muğamatın mahiyyətini, incəliklərini, insan qəlbinə yol açan imkanlarını duydum və Azərbaycanın muğam sənətini qoruyub saxlayan, yaşadan və onu dünyada tanıdan xanəndələrimizin yaradıcılığına bir daha Qara Ələsgərovun yaradıcılığı ilə məftun oldum. Müəllifin muğam ailəminə, muğamatın ayrı-ayrı şöbələrinə dərindən bələd olması və yaşadığı dövrün muğam xiridarları olan böyük xanəndələrin ustalığına bələd olması, Ali Partiya Məktəbində təhsil aldığı illərdə Bakı şəhərində həmin dövrün tanınmış muğam ustalarının konsertlərində iştirak etməsi və bazar günləri radio vasitəsi ilə “Muğamat” konsertini dinləməsi “Muğamat” şeirinin ərsəyə gəlməsinə səbəb olmuşdur.
İnsan həyatının zinətisən,
Musiqinin gövhər-kanı, muğamat.
Kədər ürəkləri bürüyən zaman,
Duruldursan qara qanı muğamat.
O, həmin şeirində dövrünün görkəmli muğam ustalarının hər birini oxuduğu, möhür vurduğu və xalq arasında seçilən yaddaşlara hopan muğamın adı ilə vəsf edir.
“Tanıtdın Cabbarı Azərbaycana”, ”Xalqa bəxş elədin Xanı, muğamat” deyən şair Saranın “Şahnazı”nı, Şövkətin “Segahı”nı, Əlövsətin “Səsi”ni ,Əbülfətin “Yanıqlı səsi”ni, Fatmanın “Şikəstəsi”ni,”Şövqə gələn” Rübabəni, Ağabalanın “Zabul-seygahı”nı, İslamın “Rastı”nı, Zeynəbin “Cahargahı”nı, muğamın mahir bir bilicisi kimi təhlil edir. Yaqubu,Eynullanı və Tükəzbanı unutmamağı və öyrənməyi gələcək nəsillərə nəsihət edir. O, bu şeiri ilə müasirlərimizə və gələcək nəsilə muğamın qədrini-qiymətini bilməyi və onu yaşadan karifeyləri öyrənməyi nəsihət edir.
“Muğamat” şeiri ilə Qurbanın tarının hikmətini, Gülxar Həsənovanı “Operanın Arslanı”na bənzətməsi, Azərbaycan muğamının həm gənci, həm də qocanı vəcdə gətirən, “dərd əhlini, din imana gətirən” mənəvi sərvətimizin daşıyıcılarını unutmamağı,öyrənməyi gələcək nəsilə çox ustalıqla musiqi təhsili olmayan bir ziyalı, bir müəllim kimi və dövrünün muğam bilicisi kimi gələcək nəsilə çatdırmağı nəsihət etməyi sağlığında özünə borc bilmişdir. Fəxrlə deyə bilərəm ki, ”Muğamat” şeiri Qara Ələsgərovun muğam aləminə və sovet rejimində onu yaşadan xanəndələrimizin həyatına həsr edilmiş ən böyük bir sənət əsəridir.
18 oktyabr 1991-ci ildə müstəqilliyimizin bərpa olunmasından sonra dövlət tərəfindən muğam festivallarının illərlə keçirilməsi muğamımıza dövlət səviyyəsində verilən qiymətin nəticəsində Azərbaycan muğamı dünyada tanıdıldı.Yüzlərlə gəncimiz muğam aləminə yeni səslərlə daxil oldu. Şair Qara Ələsgərovun - Yaralının ruhu şad oldu, arzuları həyata keçdi, nəsihətləri gənclər tərəfindən yaşadıldı.
Qara Əsgərov yaradıcılığında nəsihətlərdən istifadə edərək gəncləri doğru yola sövq etmişdir. Gəncləri təmiz və pak olmağa çağırmışdır:
Namərd ilə ülfət qılma, hayıfsan;
Dövlət bağışlasa, alma hayıfsan;
İşarətin qurbanı olma, hayıfsan;
Həyatın mənasını qananı istə.
-5-
Yaxud,”Gərək” nəsihətində
Qaranın sözlərini saxla yadında;
İnsana lazımdır, nəzakət, vüqar.
Kələk, külək yolda duran hər nə var,
Hamısına qalib gələsən gərək.
Müəllif gəncləri saflığa, düzlüyə, hər çətinliyə qalib gəlməyə çağırır. Yalançı, fırıldaqçı, xəyanət edənləri isə “Ortadan ilməsin qırasan gərək” deyən şair gəncləri ehtiyyatı əldən verməməyə səsləyir.
“Görəndə” qoşması ilə şair gənclərə dünyanın varına-dövlətinə uymamağı tövsiyə edir:
Ulaq yaranmışdır qanqal yeməyə,
Onun nə haqqı var gül iyləməyə.
Müəllif yaradıcılığında gənclərə nənə-babalarımızdan qalan öyüd-nəsihətləri verməklə yanaşı, cığalı təcnisləri ilə yaxşı ailə qurmağı, ev olmağı, nəsil artırmağı və müqəddəs ailə bağlarını qorumağı nəsihət edir.
Aşıq deyər ay ilə,
Yada düşər ailə.
Sevgilim bəhsə girib
Gözəllikdə ay ilə.
Azərbaycan ədəbiyyatında, xüsusən Göyçə-Kəlbəcər ədəbi mühitində, o cümlədən Aşıq Alı, Aşıq Ələsgər yaradıcılığından üzübəri dağların əzəmətindən, qüdrətindən, insanların sığınacaq, yurd yerləri olmasından həmişə bəhs olunmuşdur. Hətta dağları şəxsləndirərək ona ata, ana deyə müraciət edən aşıq və şairlərimiz olmuşdur. Məhz bu cəhətdən Qara Ələsgərov da öz yaradıcılığında Kəlbəcərin əzəmətli dağlarına müraciət etmişdir. Onun “Dağlar “ şeiri öz yaradıcılığına məxsus xüsusi rəng, boyalar və təşbehlərlə haşiyələndirilmişdir:
Qoçdaş gül yanağı, Qoçdaş başımdı,
Dəlidağ gözlərim, Murov qaşımdı,
Bəzəkli gəlindi, öz sirdaşımdır,
Nahaq incidirsən Qaranı, dağlar.
Şeirlərinin birində dünya əhəmiyyətli, şəffaf İstisu yatağını “İstisudu ixtiyarı dağların”demişdir.
Şair 13 iyun 1959-cu ildə Göyçə mahalına səfər edərkən “Gəzibdir” adlı şeirini qələmə almışdır. Özü partiya işçisi, sovet məmuru ola-ola Göyçənin və onun uca dağlarının başına “yad insanlar” - ermənilər və onların havadarları tərəfindən inşa edilən divanları üstüörtülü, eyham şəkildə tərənnüm etmişdir. Bəndləri oxuduqca izahata və təhlilə ehtiyac qalmır:
Deyirlər varmış qurğular pozan,
Mindi əcəl atın, çıxdı aradan.
Hanı o insanlar, yazan, yaradan?
Ələsgər tək gövhər-kanlar gəzibdir.
Bu düzlər, bu yerlər, bu uca dağlar,
Mənim tək uzaqdan gələn qonaqlar,
Ustadlar yurduna baxan qan ağlar
Sanki burda yad insanlar gəzibdi.
Bəli, həmin yad insanlar, vəhşi tayfa dədə-baba yurdumuzun ”gövhər-kanı” olan Ələsgər yurdunu, onun abidəsini darmadağın etmişlər. Yəqin ki, müzəffər Azərbaycan ordusu gələcəkdə Aşıq Ələsgər yurdunu və məzarını da yad ünsürlərdən təmizləyər.
Yaşayıb-yaratdığı və xidmət etdiyi dövrdə Qara Ələsgərov təmiz, vicdanlı, ləkəsiz, öz sözünü deyən, zalım və ziyankarlara qarşı daimi mübarizə edən, öz şərəfini, şəxsiyyətini və mənliyini qoruyan, yaradıcılığı və xidmət vəzifələri ilə el dərdi çəkən bir şəxsiyyət kimi tanınmışdır.
O, “Vətən eşqi” şeirində özünü belə təhlil edir. Onu yaşadığı dövrün insanları düzgün, insanların qayğısına qalan bir şəxsiyyət və sözübütöv insan kimi tanıyırdılar.
Qarayam, xalqıma yad olmamışam,
Şöhrət üçün düşüb, alçalmamışam,
Namərd kölgəsində ucalmamışam,
Mənliyimdə qalalıyam ki, qalalıyam.
Bu misraların müəllifi ehtiyac içərisində yaşasa da son mənzilə gedənə kimi öz mənliyində qalmışdır. Onun mənliyini heç bir vəzifə, heç bir ehtiyac əlindən ala bilməmişdir. Şair “Bu yaddı mənə” şeiri ilə öz daxili aləmini açır:
Ox atdım namərdin gözünü tökdüm,
Doğrudur ilqarım, peymanım mənim,
Qararayam həmişə el dərdi çəkdim,
Demədim bu qohum, bu yaddı mənə.
Bəli, el dərdi çəkən, elin xeyrində-şərində iştirak edən şair elin qəlbində də yaşayır. Onun xeyir-şər işlərində daim iştirak etməsi, keçirilən məclislərin ahənginə uyğun bədahətən dediyi şeirləri bu gün də keçirilən məclislərin mövzusuna çevrilmiş və dillər əzbəri olmuşdur. Necə ki, müasir toylarımızın açılışında “Gözün aydın, bəy atası, toyu mübarək oğlunun” misralarının daimi müğənnilər tərəfindən oxunması, onun yaradıcılığına olan hörmətdir.
Qara Ələsgərov çalışdığı vəzifələrdə həmişə insanlara xidmət etmiş, onların sevincinə,kədərinə şərik olmuş, dara, çətinliyə düşənlərə kömək etmiş, yıxılanlara əl atmış,i mkansızları işlə təmin etmiş, ehtiyacı olanlara şərait yaratmış, evi olmayanlara təmənnasız ev tikmək üçün torpaq vermiş və elin dərdini, qayğısını çəkən bir insan kimi elin qəlbində yaşamışdır.
Yaxşı yadımdadır orta məktəbdə rayonun 1 №-li məktəbində təhsil aldığım üçün atam-anam məni Qara müəllimin evinə yönəltmişdi. Mən onun övladları ilə məktəbə gedib-gəlirdim. 1962-ci ildə Kəlbəcər rayon №-li məktəbdə 9-cü sinifdə oxuyurdum. Həmin il qış çox sərt keçdi. Hətta rayonun Yuxarı Ayrım kəndindən rayona gələn su turbası donaraq partlamışdı. Rayona suyu maşınlar vasitəsilə gətiridilər, məhəllələrdə paylayırdılar. Həmin ilin yanvar ayında Kəlbəcər rayonuna çox ağır qrip xəstəliyi yayılmışdı. Hətta xəstəlik səbəbindən Maarif Nazirliyi rayonda15 gün məktəblərdə tədrisi dayandırıb tətil elan etdi. Qara müəllimin ailəsi də, özü də həmin xəstəliyə yoluşmuşdu. İnandırıram sizi, xəstəlik çox ağır fəsadlarla keçirdi, sağalmaq bilmirdi. Evdə 8 nəfər idik. Ancaq yenicə anadan olan Yusif və mən bu xəstəlikdən yan keçə bildik, yoluxmadıq. Bu xəstəliyin ağır fəsadlarını görən Qara müəllim məşhur “Qrip” şeirini yazmışdır. Orada hələ 40 günü belə tamam olmayan Yusifin və mənim qripə yoluxmamağımı aşağıdakı misralarda təsvir etmişdir:
Sağ olsun ki, seçdi çoban,
Saxladı Yuskanı qrip.
Əşrəf möhkəm oğlandı,
Xəstələrə təkcə baxdı.
Çay qoydu, xörək bişirdi,
Hətta kitab da oxudu.
Qara müəllim həmin illərdə Rayon İcraiyyə Komitəsində sədr müavini işləyirdi. Bir axşam rayonda yaşayan qohumlardan birinin əli ilə ona bir xalça göndərmişdilər. Qara müəllim xalça göndərən adama ev tikmək üçün torpaq yeri vermişdi. Xalçanın evə gəldiyini biləndə o çox sərt reaksiya vergdi, onu tez evdən çıxarmağı tapşırdı və rəhmətlik xalamı danladı. Mənə və böyük oğlu Arifə sərt tərzdə dedi ki, tez onu haradan gətiriblərsə, aparın həmin evə verin. Biz çox çətinliklə həmin xalçanı geri qaytardıq. Onun ciddi, prinsipal və təmiz vicdanlı bir dövlət işçisi olmasını mən öz gözlərimlə görmüşəm.
Yaşadığı dövrdə uşaqdan böyüyə qədər hamı onun düzgünlüyündən və yaxşılığından danışırdı. Qara müəllim yaşadığı dövrdə var-dövlətə, pula həris və rüşvətxor insanları tənqid edirdi, onlarla barışmırdı. Saflığı, düzgünlüyü, insanlara və xalqa ləyaqətlə xidmət etməyi hər şeydən üstün tuturdu. “İnsanlar” şeirində yazdığı kimi :
Kimisini aşiq eylər şana-şöhrətə,
Kimisini əsir eylər mala, dövlətə.
Kimisini qul eylər pula, sərvətə,
Oynadar ağılı kəm insanları.
Məncə, əlavə izahata ehtiyac yoxdur. Şairin bu fikirləri və üsyanı bu günümüzün insanlarına, müasirlərimizə də aiddir. Elə bil ki, şair müasir cəmiyyətimizdə vara, şöhrətə aludə olan insanlar arasında yaşamış, onların iç üzünü açıq-aşkar tənqid etmişdi.
Yaşadığı dövrdə dövlətdən aldığı məvaciblə dolanan, sözünün ötkəmliyi ilə hörmət qazanan və ehtiyac içərisində yaşayan, qələmi ilə dillərdə dastan olan şair “bir quru”qələmini özünün qiymətli varı-dövləti hesab edir:
Qarayam, olmayıb mənim də varım,
Yoxdu malım, mülküm, nə də davarım.
Bir quru qələmdi mənim də varım,
Yazıram dostların a yaxşısına.
Doğrudan da, Qara müəllimin istedadını üzə çıxaran o quru qələmi onun varı-dövləti, şan-şöhrətidir. Həmin “quru qələm”dən çıxan bu qiymətli şeirləri onu xalqına sevdirir, yaşadır və yaşadacaq. Yəqin ki, müasir dövrümüzdə Qara müəllimin tədqiqatçıları onun yaradıcılığını tədqiq edib elmi əsərlər yazacaqlar.
Elə buradaca qeyd etmək istəyirəm Qara Ələsgərovun ilk tədqiqatçısı və onun şeirlərini toplayıb 2002-ci ildə ”Bir ömür yaşadım” adlı kitabda çap etdirən və həmin ilin noyabr ayında 80 illik yubileyini Mingəçevir şəhərində məcburi qaçqınlıq həyatı yaşayan qardaşı oğlu Firuz Ələsgərov Mingəçevir və Kəlbəcər ziyalılarının iştirakı ilə keçirib. Bu xeyirxah işinə görə mən ona öz minnətdarlığımı bildirirəm. O,sanki bir ədəbiyyatçı, Qara müəllimşünas kimi Kəlbəcər və Mingəçevir ziyalıları arasında hörmət qazanıb. Əmisinin külliyyatını başdan sona qədər əzbər bilir. Ədəbi məclislərdə, xeyir-şər yığıncaqlarında Qara müəllimin yaradıcılığını daim təbliğ edir. “Qurani-Kərimi” əvvəldən sona əzbər bilən hafizlər kimi o da Qara Ələsgərov yaradıcılığının sinədəftəridir.
Qara Ələsgərov elmə, təhsilə, elmli insanların söz sənətinə baxışını və qiymətli sözün dəyərini daim öz yaradıcılığında vəsf edib. “Qılıncdan da artıq söz təsir edər”, “ Söz onda qiymətli olar ki, elin xoşuna gəlsin” misralarında sözün hikmət və dəyərindən söhbət açır. Yaxud, nəsihət məzmunu daşıyan “Eylər” rədifli şeirində sözün qılıncdan da keçərli olmasını yazır:
Qulaq as qəlbimdən gələn bu səsə,
Yaralı könlümü salma məhbəsə,
Arif insanlara, qanan hər kəsə,
Qılıncdan da artıq söz təsir eylər!
“Yaralı” təxəllüsü ilə məhəbbət mövzusunda lirik şeirlər yazan müəllifin özünəməxsus fikirləri çox zəngindir. Bu cəhətdən “Eyləmişəm”şeirində özünü günahkar bilən şair belə yazır:
Etibarsız dağlar kimi
Coşub tufan eyləmişəm.
Unutmuşam ədaləti
Haqsız divan eyləmişəm.
Yaralıyım bir canım var,
Ona qurban eyləmişəm.
“Gəlibdi” şeirində “
Canını canana qurban eyləsin
Yaralının bir dənəsi gəlibdi.
Yaxud “Naz eyləyirdə” deyir:
Yaralını yar aldadır,
Gah güldürür, gah ağladır.
Müəllif Ali Partiya məktəbində təhsil alarkən müharibədə ayağından aldığı qəlpə yarasının əməliyyatı zamanı “Yaralıdır yar” təcnisi ilə cərrah bıçağı altında yazır:
İnsafdırmı zəlil ola yaxşı kəs?
Qoyma ölüm, yaxşı dərman, yaxşı kəs,
Təbib qardaş, yaxşı doğra, yaxşı kəs.
Çəkinmə, ürəyi yaralıdı, yar.
Şairin istedadı, onun ağır və çətin anlarında da köməyinə gəlir. Cinas qafiyələrin köməyi ilə bu cür sənət nümunələrini ərsəyə gətirmişdir. Bu şeirdə öz ailəsinə, ilk məhəbbətinə sadiqliyi açıq-aşkar dəyərləndirmişdir.
O, yaşadığı dövrdə haqsızlığa, ədalətsizliyə qarşı daim mübarizə aparıb. Həmin dövrlərdə şər-böhtanlarla ailələrin dağılmasını öz gözlərilə görən şair insanların acı taleyinə dözməyərək üsyan etmiş və öz misraları ilə onların taleyini təsvir etmişdir.
Sinəsinə vurub iri caynağı,
Neçə günahsıza çəkmisən dağ,
Dönmüsən cəllada, dönmüsən yağı,
Qəlbi ilan kimi çalmısan, böhtan.
Öz dövrünün yaradıcı bir şəxsiyyəti kimi yaşayıb-yaradan Qara Ələsgərov Kəlbəcər ədəbi mühitinin tanınmış bir yazarı kimi yaşadığı dövrün şair və aşıqları olan Bəhmən Vətənoğlu ilə, Həbib Əhmədovla, Şamil Əsgərovla, İdris Verdiyevlə, Aşıq Qəmkeş Allahverdi ilə, tanınmış maarifpərvər ziyalı Uğurlu Xəlilovla və tələbə dostu Mehralı ilə deyişmiş və məktublaşmışdır.
Qara Ələsgərov yaradıcılığında yaşadığı dövrə qarşı daimi olaraq üstüörtülü sətrlərlə üsyan edir. Zalımlara, elmsiz rəhbərlərə və talançılara qarşı mübarizə apararaq azad bir dünya arzulayır. O, İstər” şeirində bir ziyalı kimi silah gücünə qan tökmək və evlər yıxmaq naminə yaradılmış sovet hökümətinin dağılacağını hiss edərək azad bir dünyanın yaranacağından xəbər verir:
Tale məndən nəzərini əyməyə,
Namərd gəlib qapısını döyməyə,
Qurd qoyunla gəzə, ona dəyməyə,
Qara belə azad dünyanı istər.
Bəli, 1977-ci ilin bahar ayında dünyasını dəyişib, haqq dünyasına qovuşan və anadan olduğu doğma Zülfüqarlı kəndinin qəbiristanlığında öz doğmalarının yanında dəfn edilən Qara Ələsgərovun arzuladığı “azad dünya” - Müstəqilliyimiz 1991-ci ilin 18 oktyabrında qələbə çaldı. Mərhum şairin arzuları həyata keçdi. Mərhumun eli, obası, ziyalı övladları, nəvə-nəticələri və bütün əzizləri müstəqil və azad Azərbaycan dövlətinin vətəndaşları kimi yaşayır və Azərbaycan dövlətinə xidmət edirlər.
Şairin Kəlbəcər rayonunun Zülfüqarlı kənd qəbiristanlığında olan qəbri də 30 il erməni vandalları tərəfindən işğal altında olan Qarabağın bütün kənd və rayonlarında olduğu kimi mərmər daşları sökülmüşdür. Ancaq qəbrin üstə bahar çağı təbiətin hökmü ilə bitən bənövşələr şairin “Bənövşə” rədifli şeirindəki arzularını gerçəkləşdirmişdir:
Bir bağban istərəm, Hatəm sayağı,
Qəbrimin üstündə bitirə səni. - deyən misralarında haqq işi şərə, erməni xislətinə qalib gəlir.
Deməli,Uca Tanrının hökmü ilə yaratdığı təbiət xeyirin, ədalətin şər qüvvələrin xisləti üzərində qələbəsi kimi səslənir.
Əşrəf Bayram oğlu Əsgərov
Yazıçı-publisist