“Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində könüllülərin payı danılmazdır” - TURANƏ BƏDƏLOVA

img

Müasir Azərbaycan cəmiyyətində könüllülük anlayışı artıq sadəcə bir ictimai fəaliyyət deyil, dövlətçilik ideyalarının daşıyıcısı, milli həmrəyliyin və vətəndaş məsuliyyətinin göstəricisinə çevrilmişdir. Könüllülər hər bir gəncin, hər bir vətəndaşın cəmiyyət qarşısında sosial və mənəvi borcunu şərəflə yerinə yetirdiyi nümunəvi bir təbəqədir.

Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində könüllülərin rolu genişlənmiş, dövlət orqanları nəzdində müxtəlif könüllü proqramlar formalaşmışdır. “ASAN Könüllüləri”, “Ədliyyə Könüllüləri”, “YAŞAT Könüllüləri”, “DOST Könüllüləri” və digər təşəbbüslər dövlətin cəmiyyətlə birbaşa təmasında mühüm rol oynayır.

Könüllülər Azərbaycan dövlətçiliyinə sadiqlik nümayiş etdirir, müxtəlif sahələrdə – sosial xidmətlərdə, ekoloji layihələrdə, hüquqi maarifləndirmədə, pandemiya dövründə yardım aksiyalarında vətənpərvərlik və fədakarlıqla çıxış edirlər. 44 günlük Vətən müharibəsi zamanı və sonrasında onların fəaliyyəti şəhid ailələrinə və qazilərə dəstək, informasiya və sosial kampaniyalar, həmrəylik çağırışları əsl milli birliyin simvoluna çevrildi.

Könüllülük hərəkatı təkcə bir gənclik enerjisi deyil, həm də dövlətin sosial dayağıdır. Bu fəaliyyət vətəndaş cəmiyyətini gücləndirir, milli ideologiyanın yayılmasında və gələcək liderlərin yetişməsində mühüm rol oynayır.

Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində könüllülərin payı danılmazdır. Onlar cəmiyyətə xidmətin, dövlətə sədaqətin və vətən sevgisinin real ifadəsi kimi tariximizdə layiqli iz buraxırlar.

TURANƏ BƏDƏLOVA

Xəbəri paylaş: