Hər dövrün reallıqları mətbuatın qarşısında yeni vəzifələr müəyyənləşdirir

img

22 İyul Milli Mətbuat Günüdür. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.

Mətbuatın müstəqillik tarixindən bəhs edərkən ilk olaraq Ümummilli Liderin azad sözün, mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı göz önünə gəlir. Mətbuatın problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirildi. Bu sahəyə daimi diqqət və qayğısına görə "Jurnalistlərin dostu" adına layiq görülən Ümummilli Lider Heydər Əliyevin müharibə şəraitində yaşayan ölkədə son dərəcə böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etməsi, tez-tez media nümayəndələri ilə görüşlər keçirib onların çoxsaylı suallarına cavabları ilə yaratdığı şəxsi nümunə, qəzetlərin “Azərbaycan” nəşriyyatına yaranmış borcları ilə bağlı problemin həllinə köməyi milli mətbuat tariximizin yeni mərhələsini xarakterizə edən hadisələrdir. Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. Əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yola nəzər salaq. XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri olan təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. XIX əsrin sonlarında Mirzə Fətəli Axundzadənin Həsən bəy Zərdabiyə ünvanladığı məktubların birində belə fikirlər yer alırdı: "Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarında oxusalar, yer tapılmaz. Deyəcəksən ki, şəhərlərdə məktəbxanalar bina edək... Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhalimiz necə etsinlər? Kəndlərdə də məktəbxanalar açaq və müəllim gətirək, ya yox?.. Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbətən qətrədir, dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kaffeyi nas, Prus xalqı kibi və Yengidünya xalqı kibi ünasən və zükurən elmindən bəhrəyab ola... Sənin muradın o vaxtdan kamala yetər ki, bizim, hətta çobanlarımız da Prus çobanları kibi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə". Yəni, elə bir dövr gəlmişdi ki, ziyalılar Azərbaycanda maarif və məktəb şəbəkəsinin genişləndirilməsinin, xalqın savadlanmasının vacibliyini aydın dərk edirdilər və hər kəs əlində qələm bu yolda milli mücadiləyə atılmışdı. "Əkinçi"nin yaranmasına təkan verən amillər bunlar idi. Həsən bəy Zərdabi bütün dönəmlərdə bir amalı prioritetə çevirməyi bacardı: elmin və təhsilin, dərslik və oxu kitablarının ana dilində olmasına çalışdı, bunun üçün çabalar və mücadilələr etdi. Son 21 ildən artıq dövrdə Prezident İlham Əliyevin mətbuata həssas münasibəti atdığı davamlı addımlarda özünün aydın ifadəsini tapır. Göstərilən diqqət və qayğının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda qəzet və jurnalın fəaliyyəti üçün münbit şərait təmin edilmişdir. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanaraq qəbul olunmuş və uğurlu icrası həyata keçirildi. Mətbuat hər zaman fəaliyyətini dövrün çağırışları əsasında qurur və inkişaf etdirir. Hər dövrün reallıqları mətbuatın qarşısında yeni vəzifələr müəyyənləşdirir. Azərbaycan dövlətinin bugünkü inkişafı, hədəfləri, həm regionda, həm qlobal məkanda oynadığı əhəmiyyətli rol mətbuatımız qarşısında da yeni vəzifələr qoyur. Prezident İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır. Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başlandığı gün–22 iyul “Milli Mətbuat və Jurnalistika Günü” kimi qeyd olunur. Bu gün də Heydər Əliyev idealları, onun azərbaycançılıq ruhu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik siyasətində qorunaraq xalqın və dövlətin şərəf tarixinin ifadəsinə çevrilməkdədir. Prezident İlham Əliyevin düşüncə tərzində və siyasi üslubunda qələmə hörmət, varislik haqqına tapınaraq yola çıxmaq məqamı aparıcı xətti təşkil edir. Bəlkə buna görə rəhbərlik etdiyi iyirmi iki illik zaman kəsimində ölkə başçısı İlham Əliyevin diplomatik səriştəsi sayəsində xalq öz milli kimliyindən ayrılmadı, keçmişindən qopmadı, dəyərlərini itirmədi, özünə, meyarlarına sadiqliyi qorudu. Milli məfkurə, suveren şüur, istiqlal ruhu İlham Əliyevin sədaqətlə qoruduğu ən böyük sərvət oldu. Biz bugünkü imkan genişliyində peşəkarlıq, etika və məsuliyyət məsələlərində ehtiyatlı davranmalıyıq. Əks təqdirdə ictimai etimad da, milli dirəniş də zəif qalacaq. Unutmayaq ki, mətbuat yalnız xəbər, informasiya ötürmək üçün bir vasitə deyil, milli ruhun, milli şüurun ayıq saxlanması üçün ən güclü arsenaldır. Bizdə mətbuat azadlığı Konstitusiya ilə təmin olunub, müstəqil media qurumlarının fəaliyyətinə imkan yaradılıb. Sadəcə, media savadlılığını artırmaq, milli şüuru gücləndirmək lazımdır. Medianın savadlılığı oxucunun da maariflənməsi deməkdir. Daha peşəkar, dürüst ideoloji mövqeyi olan media qurumlarına üstünlük vermək prioritetə çevrilməlidir. Bu kontekstdə savadlı, səviyyəli media dilinin labüdlüyü məsələsini də unutmaq olmaz. Bəzən saytlarda, qəzetlərdə adi xəbər o qədər pinti dil və estetika ilə təqdim olunur ki, bunun qarşısını almaq üçün nəzarət mexanizmi işlənib hazırlanmalıdır.

Arifə Abbasova

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: