
Uzun illər idi ki, Kəlbəcər adı qəlblərdə yaralı bir nisgildi, bir vətən həsrəti idi. Hər bir kəlbəcərlinin, eləcə də bütün Azərbaycan xalqının yaddaşında bu gözəl diyarın işğalı acı bir tarix kimi qalmışdı. Lakin 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatla Kəlbəcərin Azərbaycana sülh yolu ilə qaytarılması, illərlə çəkilən bu həsrətin sonunu gətirdi. Bu qayıdış, yalnız bir rayonun azad olunması deyil, vətənə, yurda, keçmişə və milli kimliyə qovuşma anlamını daşıyır.
Kəlbəcərin təbiəti yaşıllıqları, qayaları, bulaqları, mineral suları, dağ kəndləri xalqımızın yaddaşında silinməz iz buraxmışdı. Hər bir köçkün ailənin qəlbində bu yerlərə qayıtmaq ümidi illərlə yaşayırdı. Bu qayıdış həm də üzü qibləyə çevrilmiş duaların, şəhidlərin qanı, qazilərin mübarizəsi və xalqımızın birliyi ilə mümkün oldu.
Qarabağ zəfəri ilə Azərbaycanın tarixi torpaqları üzərində suverenliyi bərpa olundu. Bu zəfər, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, güclü ordu və xalqın birliyi sayəsində əldə edildi. Kəlbəcər də bu Zəfərin şanlı səhifələrindən biri kimi tarixə yazıldı. Və bu gün artıq doğma yurda dönüş başlayıb. Tikinti-bərpa işləri, infrastrukturlar, yeni məktəblər, mədəniyyət ocaqları – hamısı bu torpaqların əvvəlkindən də gözəl şəkildə yenidən dirçələcəyinə bir işarədir.
Kəlbəcərə qayıdış sadəcə torpağa qayıdış deyil – bu, milli qürurun, tarixi ədalətin bərpası və xalqın ruhən azadlaşmasıdır.Vətən həsrəti ilə keçən onilliklər artıq geridə qalır. Yurd nisgili, göz yaşları, didərginlik acısı Kəlbəcər torpağına ayaq basan hər insanın sevincinə çevrilir.
Bu gün Kəlbəcərə qayıdan hər addım illərin gözləntisinin, inamın və müqəddəs həsrətin sonudur. Azərbaycan xalqı sübut etdi ki, vətən sevgisi heç vaxt ölmür və torpaq həsrəti gec-tez yerini qürura və zəfərə verir.
Kəlbəcər torpağı artıq sahibinə qovuşub. Həsrət bitdi. Yurd yenidən səslənir, nəfəs alır, canlanır. Bu torpaqda artıq sülh, həyat və gələcək var.
Əli Musa
Rezonans.az-ın rəhbəri