Prezident İlham Əliyevin 21 avqust 2025-ci il çıxışı Kəlbəcərdə yeni bir başlanğıc, həyatın və inkişafın simvoludur

img

21 avqust 2025 – ci il Azərbaycan tarixində əlamətdar bir gün kimi yadda qaldı. İşğaldan azad olunmasından sonra ilk köçün həyata keçirildiyi Kəlbəcər şəhərində möhtəşəm mərasim təşkil olundu. Dövlət başçısı burada tarixi mesajlarla dolu bir nitq söylədi və bir sıra mühüm infrastruktur layihələrinin təməlinə qoydu. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva şəhərə qayıdan sakinlərlə görüşərək onların sevinclərinə şərik oldular, Kəlbəcərin dirçəlişi və gələcək inkişafı ilə bağlı fikirlərini bölüşdülər. Dövlət başçısı Kəlbəcərin bərpa və quruculuq işlərinin sürətlə davam etdirildiyini vurğuladı, sakinlərin rahat və təhlükəsiz şəkildə öz yurdlarına dönüşü üçün bütün zəruri şəraitin yaradıldığını qeyd etdi.

Şəhər artıq dünyanın ən mənzərəli və müasir yaşayış məkanlarından birinə çevrilməkdədir. Kəlbəcərdə inşa olunan birinci yaşayış kompleksində sakinlər artıq evlərlə təmin olunublar. İlkin mərhələdə dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Bununla yanaşı, şəhərdə işıq, su, təbii qaz, yollar və digər infrastruktur tam şəkildə təmin edilib, minalardan təmizləmə işləri həyata keçirilib. Rayonda məktəb tikintisi davam edir və gələn il istifadəyə veriləcək. Bu infrastruktur layihələri bütün rayonun sosial-iqtisadi inkişafını təmin edəcək və Kəlbəcəri regionun nümunəvi yaşayış məkanına çevirəcək. Prezident İlham Əliyev çıxışında Kəlbəcərin işğalının Azərbaycan üçün yaratdığı strateji problemlərə də diqqət çəkib. 1992–1993-cü illərdə həmin dövrün rəhbərliyinin xəyanətkar siyasəti və erməni işğalçı qüvvələrinə verilən dəstək nəticəsində yalnız Kəlbəcər deyil, digər ərazilərin də taleyi müəyyənləşib. İşğal dövründə beynəlxalq səviyyədə bu məsələnin həlli üçün kifayət qədər təzyiq göstərilməmiş, bəzi ölkələr işğalçı dövlətə silah və maliyyə dəstəyi verib. Buna baxmayaraq, Azərbaycan xalqı hər zaman dədə-baba torpağına bağlılığını qoruyub saxlayaraq haqqını tələb edib.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi                             

Xəbəri paylaş: