
Avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib. Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə üçtərəfli sammit keçirilib və sammitin yekunlarına görə Birgə Bəyanat qəbul edilib. Bu Bəyannamə bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. Tədbirin sonunda Azərbaycan, Türkmənistan və Özbəkistan respublikalarının rəhbərləri bu üç ölkə arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər.
Zirvə görüşünün ən mühüm nəticələrindən biri Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasıdır. Bu əməkdaşlıq nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft-qaz sahələrini və mədəni əlaqələri əhatə edəcək. Beləliklə, üç qardaş ölkə təkcə ikitərəfli deyil, həm də çoxtərəfli əməkdaşlıq müstəvisində yeni model formalaşdırır. Bu model bölgədə sabitlik, inkişaf və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəm təməlini qoyur. Prezident İlham Əliyevin Türkmənistana səfəri yeni əməkdaşlıq istiqamətləri baxımından olduqca əhatəli keçdi. Görüşlər çərçivəsində nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft və qaz sahələrində tərəfdaşlığın daha da dərinləşəcəyinə heç bir şübhə yoxdur. Üçtərəfli əməkdaşlıq formatı isə gələcək uğurların və strateji layihələrin xəbərçisi kimi tarixə düşdü. Bu gün qardaş ölkələrin liderlərinin əl-ələ verərək, ortaq məqsədlər naminə bir araya gəlməsi siyasi, mədəni və tarixi baxımdan münasibətlərimizi yeni və daha işıqlı gəçləcəyə yönəldir. İmzalanan sənədlər və atılan addımlar, gələcək nəsillərə daha sıx bağlarla birləşmiş bir Türk dünyasını miras qoymaq üçündür. Bu birlik həm bizim gücümüzdür, həm də inkişaf perspektivimizdir. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qurulan bu üçtərəfli əməkdaşlıq platforması, Türk Dövlətləri Təşkilatının məqsəd və məramına uyğun olaraq yalnız bugünün problemlərini həll etməyə deyil, həmçinin sabahın daha güclü, daha firavan və daha qüdrətli Türk dünyasının qurulmasına xidmət edir. Azərbaycan və Türkmən xalqları əsrlər boyu ortaq tarixi köklərə, zəngin mədəniyyətə, oxşar adət-ənənələrə, dil və mənəvi dəyərlərə sahib olmuş xalqlardır. Azərbaycan və Türkmən xalqları arasındakı dərin tarixi bağlar təkcə dil və mədəni yaxınlıqla məhdudlaşmır, həm də qardaşlıq münasibətləri, qarşılıqlı hörmət və dostluq ənənələri ilə möhkəmlənir. Qədimdən Xəzər dənizinin iki sahilində yaşayan bu xalqlar eyni mədəni mühitin daşıyıcıları olmuşdur. Ortaq türk kimliyi həm milli yaddaşda, həm də gələcək hədəflərdə xüsusi yer tutur.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi