Türkün tarixi missiyası və gələcəyə yönələn qətiyyət

img

Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdəki Zirvə Görüşü yalnız bir iqtisadi və ya siyasi tədbir kimi deyil, bir tarixi missiyanın növbəti mərhələsinin təsdiqi kimi yadda qaldı. Cənab Prezident İlham Əliyevin çıxışı isə bu missiyanın mərkəzində dayanan Azərbaycanın rolunu və gələcəyə dair qətiyyətli baxışını bütün dünyaya bəyan etdi. Bu, keçmişdəki Türkoloji Qurultay idealından müasir dövrün qlobal aktoruna çevrilən bir birliyin manifesti idi. Cənab Prezident TDT-nin ciddi geosiyasi mərkəzə çevrildiyini elan edərkən, bunun arxasında duran əsas səbəbləri sadaladı. O, bu birliyin artan nüfuzunu qeyd edərək bildirdi: "Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır." Liderin 2026-cı ildə Azərbaycanda TDT ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsi təklifi isə təhlükəsizlik amilini rəsmən yüksək səviyyəyə qaldırdı. Bu tarixi qətiyyətin təzahürü isə Qarabağ zəfəri və suverenliyin tam bərpasıdır. Cənab Prezident zəfərin məntiqi davamı olan ədalətli sülh gündəliyinin qəbul edilməsinin region üçün əvəzsiz əhəmiyyətini vurğuladı: "İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək." Bu, regionun qan yox, iqtisadi inkişaf və bağlantı məkanına çevrilməsinə dair fundamental zəmanətdir. Məhz bu bağlantının əsas arteriyası olan Zəngəzur dəhlizi Cənab Prezidentin çıxışında strateji nöqtə idi. Türkün qovuşmasını hədəfləyən Lider dedi: "Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir." Bu, 20 milyard dollarlıq investisiya və birgə sərmayə fondları ilə möhkəmləndirilir. Cənab Prezidentin çıxışının fərqli və gələcəyə yönəlik mənəvi yükü isə yaşıl enerji və tarixi irsə sahib çıxmaqda təcəssüm etdi. O, Azərbaycanın iddialı ekoloji hədəfini açıqladı: "2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək." Eyni zamanda, tarixi yaddaşımıza hörmət əlaməti olaraq, 1926-cı il Türkoloji Qurultayının 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsini təklif etdi. Bütün bu əsaslar fonunda, Cənab Prezidentin son sözləri qardaşlığın unudulmazlığını bir daha nümayiş etdirdi. O, Qarabağın bərpasına dəstək göstərən bütün qardaş ölkələrə təşəkkürünü çatdırdı: "Azərbaycan xalqı bu qardaş dəstəyini (Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstəyi-red.) heç vaxt unutmayacaq." Qəbələ Zirvəsi başa çatsa da, bu çıxışın verdiyi ruh və yolların birləşdirdiyi qardaşlıq əbədi yaşayacaq.

İlqar Kərimov
 YAP Tovuz rayon təşkilatının sədr müavini

Xəbəri paylaş: