Azərbaycanın qədim şəhəri Qəbələdə reallaşan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü "türk dünyası ailəsi"nin həmrəyliyinin gücləndirilməsinə xidmət edir. Türk dünyası birliyinin növbəti təntənəsinin təsdiqi olan Zirvə Görüşündə çıxış edən dövlət başçısı cənab İlham Əliyev bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Prezident İlham Əliyevin bu ali tədbirdə bəyan etdiyi kimi, ortaq tarixi və etnik köklərə, müştərək milli-mənəvi dəyərlərə malik Türk dünyasının böyük əməkdaşlıq platforması olan TDT regional və qlobal statuslu təsisat kimi mövqeyini artırır. Dövlətimizin başçısı sülh və təhlükəsizliyin hər bir ölkənin inkişafı üçün əsas amil olduğunu vurğulayaraq təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində adıçəkilən amillərin əsas məqsəd və vəzifələr sırasında yer aldığına diqqət çəkdi. Bu xatırlatma isə təsadüfi deyildi. Dünyanın üzləşdiyi indiki müharibələr və münaqişələr fonunda sülh və sabitlik ön plana çıxır. Ötən il Şuşada TDT –nin qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin əsas ana prinsiplərindən biri də sülh və təhlükəsizliklə bağlıdır. Türk dövlətlərinin Qəbələ sammiti göstərdi ki, türk dünyası artıq qardaşlıq bəyannaməsi ilə məhdudlaşmır, sistemli fəaliyyətə doğru gedir. Beynəlxalq qeyri-sabitlik, artan xarici təzyiqlər və yeni təhlükələr fonunda türk dövlətləri vahid cəbhə kimi fəaliyyət göstərməyin zəruriliyini getdikcə daha çox dərk edirlər. Ortaq hərbi sənaye kompleksinin yaradılması isə məhz türk dövlətlərini siyasi platformadan Avrasiyada əsl güc mərkəzinə çevirəcək layihə ola bilər. Bu gün Azərbaycan diplomatik çevikliyi hərbi qüdrətlə birləşdirməyə qadir olduğunu nümayiş etdirərək bu prosesdə əsas rolu öz üzərinə götürməyə hazırdır. TDT-nin beynəlxalq nüfuzunun artması, təşkilat çərçivəsində həyata keçirilən iqtisadi, siyasi və humanitar təşəbbüslərin effektivliyi Türk birliyinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Təşkilat daxilində ortaq tarixi köklər, dil, mədəniyyət və mənəvi dəyərlər dost dövlətləri bir ailə kimi birləşdirir və bu birliyə həm güc, həm də mənəvi dərinlik verir. Azərbaycan tərəfi TDT-nin institusional fəaliyyətinə də dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb. Bu addım ölkəmizin təşkilatın səmərəli fəaliyyətinə və uzunmüddətli dayanıqlığına verdiyi strateji önəmin təzahürüdür. Zirvə görüşündə dövlətimizin başçısı çıxışında qeyd edib ki, dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










