Şuşa Zəfəri müasir Azərbaycanın ən ali qələbəsidir

img

Şuşa Azərbaycan tarixində və milli kimliyində xüsusi yer tutur. XVIII əsrdə Pənahəli xan tərəfindən salınan bu şəhər yüzillər boyu dövlətçilik ənənələrimizin, mədəniyyətimizin, musiqi və poeziyamızın beşiyi olub. Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi dahilərin adları ilə bağlı olan Şuşa xalqımızın milli ruhunu, azadlıq və mənəvi dirəniş iradəsini simvolizə edir. 1992-ci ildə şəhərin işğalı xalq üçün təkcə ərazi itkisi deyil, həm də dərin mənəvi yara idi. 28 il boyunca Şuşanın azadlığı dövlətin strateji məqsədinə, xalqın isə müqəddəs arzusuna çevrildi. 2020-ci ildə bu arzu gerçəkləşdi və milli ədalət bərpa olundu. 8 noyabr 2020-ci il Azərbaycan tarixində qızıl hərflərlə yazıldı. Həmin gün xalqımız, dövlətimiz və qəhrəman ordumuz bir amal uğrunda birləşərək əsrlər boyu davam edən ədalətsizliyi aradan qaldırdı, Qarabağın tacı – Şuşanı azad etdi. Bu hadisə təkcə bir hərbi qələbə deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik fəlsəfəsinin və sarsılmaz birliyinin parlaq təntənəsi idi. Şuşanın azad olunması Vətən müharibəsinin zirvəsi, müstəqil Azərbaycanın tarixində ən böyük zəfər kimi yadda qaldı. Şuşa Zəfəri planlı, düşünülmüş və çoxşaxəli siyasətin nəticəsi idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən liderliyi altında Azərbaycan Ordusu illərlə aparılan hərbi islahatların, texnoloji modernləşmənin və strateji hazırlığın bəhrəsini verdi. Şuşa əməliyyatı, əslində, təkcə müasir silahların deyil, Azərbaycan əsgərinin ruhunun, əzminin və fədakarlığının qələbəsi idi. Qəhrəman əsgərlərimizin piyada döyüşlərlə keçilməz qayalıqları aşaraq şəhəri azad etməsi Azərbaycan tarixinin ən parlaq hərbi səhifələrindən birinə çevrildi. Şuşanın azad olunması Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Azərbaycan regionda güc balansını dəyişdirərək sülh, əməkdaşlıq və təhlükəsizliyə əsaslanan yeni mərhələnin əsasını qoydu. Bu gün Şuşa təkcə mədəniyyət mərkəzi deyil, həm də Azərbaycanın diplomatik, ideoloji və mənəvi paytaxtına çevrilib. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu şəhərin tarixi əhəmiyyətini daha da artıraraq Azərbaycan-Türkiyə qardaşlığını strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Beləliklə, Şuşa artıq həm hərbi qələbənin, həm də gələcəyə yönəlmiş siyasi konsepsiyanın rəmzidir. Şuşa Zəfəri Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq. Bu zəfər bir daha sübut etdi ki, dövlətlə xalq arasında etimad, ordu ilə cəmiyyət arasında vəhdət mövcuddursa, heç bir güc bu iradəni sındıra bilməz. Şuşa bu gün yenidən qurulur, bərpa olunur, lakin əslində dirçələn təkcə şəhər deyil, həm də Azərbaycan xalqının milli qüruru və ədalət inamıdır. Bu zəfərin ideoloji və tərbiyəvi əhəmiyyəti xüsusilə gənc nəsil üçün əvəzsizdir. Şuşa qəhrəmanlığı məktəblərdə, dərsliklərdə, mədəni və vətənpərvərlik layihələrində gənclərə vətən sevgisinin, birliyin və dövlətə sədaqətin canlı nümunəsi kimi təqdim olunur. Bu irs yeni nəslin milli kimliyini möhkəmləndirir, vətənə xidmət hissini daha da gücləndirir. 8 Noyabrın Zəfər Günü kimi qeyd olunması Azərbaycanın dövlətçilik tarixində birlik və qürur günüdür. Şuşa bu gün azadlığın, ədalətin və milli həmrəyliyin rəmzinə çevrilib. Bu qələbə keçmişin ağrılarını gələcəyə inama, mübarizəni fəxr hissinə, qələbəni isə əbədiyyətə çevirən bir hadisədir.

Kamran Qasımov

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: