5 il öncə tarixi Zəfəri ilə dünyaya səs salan Azərbaycan bu gün yeni dövrə qədəm qoyub

img

Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbəmizin beçinci ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Tarixi Zəfərimiz növbəti zəfərlərimizin əsası oldu. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini  məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın,  qayıdaq döyüş meydanına,  öz missiyamızı başa vurmalıyıq. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verirdi. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Təcavüzkar Ermənistan silahlı qüvvələri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. İlham Əliyev sovet epoxasının basqı, təzyiq və çətinlikləri içrə yetişsə də milli təəssüb, milli müəyyənlik duyğularını uca tutan lider oldu. Milli məfkurəyə sadiqliyi meyara çevirdi, müstəqil dövlətin keşiyində bu amala xidmətlə dayandı. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq, noyabrın 10-a qədər davam edən 44 günlük müharibə bunun sübutu kimi meydandadır. Azərbaycan işğal altında olan tarixi torpaqlarını Müzəffər Ordunun və Ali Baş Komandan İlham Əliyevin əzmi ilə geri qaytardı. Bu, həm də öz dəyərlərinə, tarixi haqqına sahib çıxmağı bacaran qüdrətli siyasətçinin gücü demək idi. 8 noyabr, 44 günlük Vətən savaşımız ölkəmizin tarixi-siyasi, ədəbi-mədəni və mənəvi həyatında yeni aktiv bir fazanın başlanğıcıdır. Bu başlanğıc nöqtəsindən yeni bir Azərbaycanın və onun yeni tarixinin, ədəbiyyatının, mədəniyyət və incəsətinin ərsəyə gələcəyi şübhəsizdir! Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən də abad olacaq. Qaçqın-köçkünlər yurda qayıdacaq. Ən müasir standartlarla inşa edilən evlərdə yaşayacaq, torpağı vətənə çevirəcəklər. Dövlət başçısı İlham Əliyevin gələcəyə hədəflənmiş amal və niyyətləri hər gün buna daha çox inandırır və o günü daha yaxın edir.

Emin Feyzizadə   

YAP Tovuz rayon təşkilatının məsləhətçisi  

Xəbəri paylaş: