Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 9 noyabr 1918-ci il tarixli qərarı ilə qəbul edilən üçrəngli dövlət bayrağı xalqımızın milli kimliyinin, azadlıq iradəsinin və dövlətçilik düşüncəsinin rəmzi kimi tarixə düşdü. Bu qərar Cümhuriyyət qurucularının siyasi uzaqgörənliyinin və milli dövlətçilik təfəkkürünün parlaq təzahürü idi. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bu bayraq türkçülük, müasirlik və islam birliyini təcəssüm etdirərək milli ideologiyanın əsas dayağına çevrildi. Şərqin ilk demokratik respublikası qısa müddətli fəaliyyəti ilə Azərbaycan xalqının müstəqil dövlət yaratmaq iradəsini sübut etdi və onun ən böyük siyasi-mənəvi miraslarından biri məhz bu bayraq oldu. 1920-ci ildə Rusiyada bolşevik inqilabının nəticəsi kimi Azərbaycan Xalq Cümhuriyyəti işğala məruz qalaraq süquta uğradı və üçrəngli bayraq Sovet hakimiyyəti illərində qadağan edildi. Lakin o, xalqın yaddaşından silinmədi, milli düşüncənin, azadlıq arzusunun dərinliklərində yaşadı. 1980–ci illərin sonlarında Sovet İttifaqının dağılma prosesi fonunda digər müttəfiq respublikalarda olduğu kimi Azərbaycanda da baş qaldıran milli azadlıq hərəkatı məhz bu bayrağın kölgəsində formalaşdı. Meydanlarda dalğalanan üçrəngli bayraq xalqın azadlıq çağırışının, müstəqillik istəyinin rəmzinə çevrildi. 1990-cı illərin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə yenidən güclənərkən o dövrdə Naxçıvana rəhbərlik edən ulu öndər Heydər Əliyev xalqın iradəsini ifadə edərək tarixi bir addım atdı: Onun təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi təsdiqləndi və Ali Məclis binası üzərində ucaldıldı. Müstəsna tarixi və siyasi əhəmiyyətə malik bu hadisə bütün Azərbaycanda dövlət müstəqilliyinin bərpasına ideoloji təkan verdi, yalnız Naxçıvan üçün deyil, bütövlükdə Azərbaycan üçün milli dirçəlişin, müstəqillik ideyasının rəmzinə çevrildi. Xalqımızın ümummili lideri həmin iclasdakı tarixi çıxışında bu bayrağın daha yüksəklərə qalxacağı ilə bağlı inamını ifadə etmişdi: “Azərbaycan xalqının milli dövlətçilik rəmzi olan bu bayraq müstəqilliyimizin, azadlığımızın rəmzidir və bir gün bütün Azərbaycanda dalğalanacaq.” Çox keçmədən tarix Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyini təsdiqlədi: 1991-ci ilin fevralında Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul etdi. Beləcə, Naxçıvanda başlanan milli oyanış bütün ölkəni əhatə etdi. Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra dövlət rəmzlərinə münasibətdə xüsusi həssaslıq nümayiş etdirdi. Onun təşəbbüsü ilə 1998-ci ildə Dövlət Bayrağının istifadəsini tənzimləyən hüquqi əsaslar daha da möhkəmləndirildi. Sonrakı illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti möhkəmləndikcə üçrəngli bayrağımız dünya miqyasında tanındı və beynəlxalq təşkilatların qarşısında qürurla dalğalanmağa başladı. Yekun məntiqi nəticə isə ondan ibarətdir ki, bu bayrağı tarixdə ilk dəfə Cümhuriyyət qurucuları qaldırdı, lakin onu yenidən dirçəldən və əbədiləşdirən Heydər Əliyev oldu. Ona görə də o dövrdəki hakimiyyət düşkünlərinin, xüsusilə xəyanətkar “cəbhəçi”lərin bu bayrağın dövlət bayrağı kimi bərpasını öz adlarına çıxarmaq cəhdləri siyasi avantüradan başqa bir şey deyil. Bu gün hər bir beynəlxalq tribunada, idman arenasında, diplomatik missiyada dalğalanan Azərbaycan bayrağı ilk nğvbədə Heydər Əliyev siyasətinin bəhrəsi kimi dəyərləndirilməlidir. Çünki Ulu Öndərimiz üçün bayraq təkcə dövlət atributu deyil, həm də xalqın mənəvi birliyinin, milli kimliyinin simvolu idi. O, daim vurğulayırdı ki, bayraq uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı bu rəmzə müqəddəslik qazandırmışdır. Ona görə də Dövlət Bayrağı Günü həm də ulu öndərin azadlıq və dövlətçilik ideallarına ehtiram günüdür. Bu siyasəti yeni reallıqlara uyğun daha inamlı şəkildə davam etdirən Prezident İlham Əliyevin 2009-cu ildə 9 noyabrın Dövlət Bayrağı Günü elan edilməsi barədə imzaladığı Sərəncam ölməz Heydər Əliyev ideyalarına sədaqətin nümayişi ilə yanaşı, həm də milli kimliyimizin dövlət səviyyəsində təsdiqinin daha bir ifadəsidir. Beş il bundan öncə xalqın etimadına və ordumuzun gücünə arxalanan Müzəffər Ali Baş Komandan İlham Əliyevin bənzərsiz sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası bu bayrağı yeni mənəvi məzmunla zənginləşdirdi. Dövlət Bayrağı Azərbaycan xalqının iradəsinin, dövlətin qüdrətinin və tarixi və dövlət suverenliyimizinədalətin rəmzi kimi əbədi yaddaşlara həkk olundu. Prezident İlham Əliyevin dediyi kimi: “Biz bu bayrağı Şuşada, Qarabağda, Zəngəzurda ucaltdıq və bu, bizim əbədi Zəfərimizin simvoludur.” Beləliklə, 9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürur, azadlıq, müstəqillik və dövlətçilik təfəkkürünün təntənəsinin ifadəsi olaraq bizim keçmişimizin şanlı nişanəsi, bu günümüzün qürur simvolu, gələcəyimizin parlaq mayakıdır.
Kamran Qasımov
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










