Noyabrın 9-u Azərbaycan xalqı üçün xüsusi rəmzi məna daşıyan bir gündür. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il bu tarix ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu gün qeyri-iş günü olan dövlət bayramlarının siyahısına daxil edilib. Azərbaycan xalqı üçün bu tarix yalnız bir dövlət atributunun xatırlanması deyil, həm də müstəqilliyimizin, milli kimliyimizin və birliyimizin parlaq təcəssümüdür. Dövlət Bayrağı yalnız bir rəmz deyil, o, Azərbaycan xalqının birlik, dövlətçilik və milli qürur ideallarının simvoludur. Bu bayraq altında birləşmək, ona hörmət etmək hər bir vətəndaşın borcudur. Üçrəngli Bayraq – Dövlətçilik Ruhumuzun və Qürurumuzun Simvolu, hər zaman göylərdə dalğalanacaq və gələcək nəsillərə azad və müstəqil Azərbaycan ideallarını çatdıracaqdır. Bayraq bir xalqın kimliyini, birliyini və milli suverenliyini simvolizə edən ən vacib rəmzlərdən biridir. İstər tarixi bayramlarda, xalqımızın sevincli günlərində, Zəfər tədbirlərində, istərsə də dövlət-ictimaiyyət xadimlərinin, mədəniyyət nümayəndələrinin, eləcə də şəhidlərimizin dəfn mərasimində bayrağımızın həmin tədbirlərin əsas atributlarından birinə çevrilməsi göstərir ki, bayraq bizim üçün həm də milli həmrəyliyimizin rəmzidir. Azərbaycanın üçrəngli bayrağı sadəcə bir parça deyil, xalqın tarixini, mədəniyyətini və ideologiyasını özündə cəmləşdirən bir rəmzdir. Dövlət Bayrağımız müstəqil Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və milli birliyinin ali rəmzidir. Bayrağımız həm beynəlxalq arenalarda dövlətimizi şərəflə təmsil edir, həm də ölkə daxilində və xaricdə yaşayan hər bir Azərbaycan vətəndaşını Vətən sevgisi ətrafında birləşdirən müqəddəs dəyərdir. Son illərin tarixi Qələbəsi, xüsusən də 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpası, bayrağımızın əhəmiyyətini yeni bir səviyyəyə qaldırmışdır. Bu gün üçrəngli bayrağımız işğaldan azad edilmiş hər qarış torpaqda, o cümlədən Şuşada, Xankəndidə və bütün Qarabağda qürurla dalğalanır. Müzəffər Ali Baş Komandanın, Qalib ölkəmizin Prezidenti cənab İlham Əliyevin qətiyyəti nəticəsində artıq Azərbaycanın hər qarış torpağında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı düşmənə sübut etdi ki, əcdadlarımızdan bizə miras qalan yurd yerlərinin bir qarış torpağına belə heç kəs göz tikə bilməz. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında ali amal uğrunda birləşdi, Vətənə sonsuz sevgi və məhəbbət nümayiş etdirdi. Qazanılan bu böyük Qələbə, Xalq-Prezident-Ordu birliyi Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Bütün dünya Azərbaycanın qüdrətinə, haqq-ədalət uğrunda savaşına, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsinə şahidlik etdi.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









